“Neftçi” MOİK-in rekordunu təkrarladı
13.11.2010 - 16:40
“Neftçi” MOİK-in rekordunu təkrarladı
“Neftçi” Salyanın “Muğan” klubunun seriyasına son qoyub. Apasport.az saytının məlumatına görə, Almir Hurtiçin yetirmələri Unibank Premyer Liqasının 2010/11 mövsümündə ilk dəfə böyük hesabla məğlub olub.

Öz meydanında “Neftçi”dən 3 cavabsız qol buraxan salyanlılar sonuncu dəfə ötən mövsümdə belə üzüntü yaşamışdı. “Muğan” 2009/10 mövsümünün I dövrəsində, X tur çərçivəsində keçirilən “Qəbələ” ilə matçda 0:3 hesabı ilə uduzmuşdu. Ötən il noyabrın 7-də Qəbələdə baş tutan həmin görüşdən 370 gün sonra yenə eyni aqibəti yaşayan Salyan təmsilçisi bu müddətdə 34 çempionat oyunu idi ki, darmadağın olmurdu.

Salyanlılar həm də uzun fasilədən sonra 1 matçda 3 qol buraxdı. Cari mövsümdə “Neftçi”dən başqa, yalnız 1 komanda “Muğan”a 2-dən artıq qol vurmuşdu. Bunu da Premyer Liqanın aşkar autsayderi olan MOİK bacarmışdı. “Hərbçilər”in I turda rəqibinə 3 qol vurması Hurtiçin komandası ilə qarşılaşanlar üçün mütləq rekord sayılırdı. Bu gün “Neftçi” həmin rekordu təkrarlamağa müvəffəq oldu.