“Neftçi” də baş hakimdən şikayətləndi
13.11.2010 - 17:23
“Neftçi” də baş hakimdən şikayətləndi
“Son vaxtlar mətbuatda da bildirirdim ki, "Neftçi"nin futbolçularına qarşı kobud oynayırlar. Bunun nümunəsi kimi, "Muğan"ın futbolçusunun Flavinyoya qarşı kobud oyununu göstərmək olar”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib.

O, Unibank Premyer Liqasının XIII turunun "Muğan" - "Neftçi" oyunundan sonra keçirilən mətbuat konfransında qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb: “Bundan əvvəlki görüşlərdə də rəqiblərin olduqca sərt oyunlarının şahidi olmuşuq. Premyer Liqada belə səviyyəli legionerlərin top qovması, Azərbaycan futbolunun inkişafına xidmət edir. Bu cür oyunçuları qorumaq lazımdır. Hakimlər də belə epizodlarda diqqətli olmalıdırlar. Baş hakim "Muğan"ın futbolçularına bir neçə epizodda qırmızı vərəqə verməli idi, amma bunu görmədik. Hakimin digər qərarlarına gəldikdə isə, hər halda, biz qolu penaltidən vurmadıq. Oyunun nəticəsi də göstərdi ki, "Neftçi" "Muğan"dan bir baş üstündür".

Qeyd edək ki, “Neftçi” səfərdə “Muğan”ı 3:0 hesabı ilə məğlub edib.