“Səlis olmasa da, fikrimi aydın şəkildə ifadə edirəm” - MÜSAHİBƏ
14.11.2010 - 00:10
“Səlis olmasa da, fikrimi aydın şəkildə ifadə edirəm” - MÜSAHİBƏ
AZAL klubunun qapıçısı Cahangir Həsənzadənin apasport.az saytına müsahibəsi

- Əvvəlcə MOİK-lə baş tutan oyun haqda danışaq. Heç-heçə gözlənilən idi?
- Xeyr, gözlənilməz oldu. Meydana qələbə üçün çıxmışdıq. Oyunun favoriti də biz idik. Təəssüf ki, gücümüzü göstərə bilmədik.

- AZAL autsayder komandalara qarşı oynaya bilmir. Səbəbi nədir?
- Gücümüzdən tam istifadə edə bilmədik.

- Bunu mükafatlar uğrunda mübarizə aparan AZAL üçün zərbə hesab etmək olarmı?
- Əlbəttə, itirdiyimiz 2 xal bizim üçün vacib idi. Mövsümün sonuna yaxın bunu hiss edəcəyik.

- Mətbuatla aranız necədir? Saytları, qəzetləri izləyirsinizmi?
- Çox maraqlanmıram.

- Bəs futboldan kənar mövzularda danışmaqla aranız necədir?
- Xoşlayıram. Hansı mövzuda desəniz, danışa bilərik.

- Hansı sahələrlə daha çox maraqlanırsınız?
- Ümumiyyətlə, psixologiyaya marağım çoxdur. Futboldan kənar mövzuları daim oxuyur, biliyimi artırıram.

- Yeri gəlmişkən, bir vaxtlar çiyin-çiyinə çıxış etdiyiniz Dmitri Spirinin taksi sürdüyünü bilirdinizmi?
- Bəli, durumundan xəbərim var.

- O, az öncə avtomobili ilə qəzaya düşüb...
- Bundan xəbərim yox idi.

- Heç danışmırsınız?
- Ünsiyyət saxlamırıq. Ancaq nə işlə məşğul olmasından xəbərim var. Nə köməklik lazımdırsa, etməyə hazıram. Əlaqə saxlayacam.

- Necə düşünürsünüz, onun hazırkı durumu indi yaxşı pul qazanan futbolçular üçün siqnal ola bilərmi?
- Yaxşı qazanan deyəndə ki, bu iş birtərəfli deyil. Hər kəs öz zəhmətinin qarşılığını alır. Pulsuz oynadığımız, zədəmizi özümüzün müalicə etdirdiyimiz vaxtları yaddan çıxarmaq olmaz. Spirin kimi zədə üzündən futbolla erkən vidalaşanlar az deyil.

- Deyəsən, düzgün anlamadınız. Biz də onu deyirik ki, indi yüz minlər qazanan futbolçular bundan dərs çıxarırlarmı?
- Bu hərənin öz işidir. Ancaq əl tutmaq, kiməsə yardım eləmək futbolçunun qazanmasından asılı deyil. Bunu hamımız etməliyik.

- Qarşıdan Qurban bayramı gəlir. Bayramı necə qeyd edəcəksiniz?
- İnşallah, qurban kəsib, imkansızlara yardım etməyə çalışacağıq.

- Siz azsaylı savadlı futbolçularımızdan birisiniz. Hətta ingilis dilində də səlis danışırsınız.
- İndi səlis olmasa da, fikrimi aydın şəkildə ifadə edirəm. Çünki son vaxtlarda çox istifadə etmirəm. Amma yaxşı bildiyimi deyə bilərəm.

- Əvvəllər klublarımızda tərcüməçi olmurdu. Hətta “Qarabağ”da oynadığınız zaman həm də tərcüməçi funksiyasını da yerinə yetirdiyinizi görmüşük.
- Belə şeylər olub.

- Siz bir dəfə də televiktorinanın qalibi olmusunuz. Hansı suala cavab verdiyiniz yadınızdadırmı?
- Bəli. Sual belə idi: bəstəkarlardan hansı eşitmirdi? Bu suala cavab vermişdim.

- Psixologiya ilə yaxından maraqlandığınızı dediniz. İnsanları yaxşı tanıya bilirsinizmi?
- Çalışıram ki, bunu bacarım. Hardasa 70-80 faiz yanılmıram.

- Yəqin oyunlara psixoloji cəhətdən hazır olmağınızda problem yaşamırsınız?
- Fərdi yanaşmadan asılıdır. Psixologiyanı bilmək o demək deyil ki, yüz faiz oyuna hazır olacaqsan. Amma buna çalışıram və istəmirəm ki, oyun zamanı problem yaşayım.

- Teleproqramları necə, izləyirsinizmi?
- Televizora çox az baxıram. Əsasən, turların şərhi və, təhlilini izləyirəm.

- Boş olanda nə iş görürsünüz?
- Açığı elə də çox boş vaxtımız olmur. Çünki ancaq məşqdə oluruq, oyuna çıxırıq, bərpa prosesi keçiririk.

- Söhbət mövsümlərarası və dövrələrarası fasilədən gedir.
- Onda da dincəlirəm.

- Tez-tez bağa gedirsiniz. Orada işləməklə aranız necədir?
- Yaxşıdır. Boş vaxtlarımda bağda işləməyi xoşlayıram.

- Kitab oxuyursunuzmu?
- Əlbəttə, imkan tapan kimi oxuyuram.

- Sonuncu dəfə hansı kitabı oxumusunuz?
- Den Braunun “Kod da Vinçi” əsərini oxumuşam. Əsasən rus dilində olan bədii ədəbiyyatları oxuyuram.

- Bəs öz yazıçılarımızdan kimin əsərlərini oxumusuz?
- Açığı, heç birinin.

- Bəyəm bizim yazarlar maraqsız yazırlar?
- Xeyr, bəlkə də maraqlı yazıblar, amma mən oxumamışam.

- Necə fikirləşirsiniz, azərbaycanlı kimi öz ölkənin tarixini, ədəbiyyatını bilməyə borclu deyilsinizmi?
- Kifayət qədər bilgim var. Amma müasir yazıçıların əsərlərini oxumamışam.

- Musiqiyə necə, marağınız varmı?
- Özümüzünkülərdən Alim Qasımovu dinləyirəm.

- Oyunlar zamanı ciddi səhvlər buraxdığınız vaxtlar az olmayıb. Özünüzü həmin anda yenidən matça kökləyə bilirsinizmi?
- Qapıçıların ən böyük problemi odur. Yəni 90 dəqiqə ərzində 1-2 səhv buraxırsan, onu da düzəltmək olmur. Məcbursan ki, növbəti oyunda bunu təkrarlamayasan.

- Elə vaxt olubmu ki, oyun vaxtı fikrin başqa yerdə olsun?
- Bəlkə də əvvəllər olub. Ancaq indi yox.

- Karyeranızdan necə, razısınızmı?
- Narazılığım yoxdur. Bütün nailiyyətləri əldə etməmişəm. Ancaq hələ vaxtım var. İnşallah, bunu reallaşdıracam.