Savinov: Bu qələbəni Hafiz Məmmədova hədiyyə edirəm
14.11.2010 - 10:30
Savinov: Bu qələbəni Hafiz Məmmədova hədiyyə edirəm
“Bizə 3 xal lazım idi. Bunu reallaşdırmaq üçün mübarizə apardıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun müdafiəçisi Aleksey Savinov deyib.

Premyer Liqanın XIII turunda “Qarabağ”la qarşılaşan paytaxtın eyniadlı komandası inamlı qələbə qazanıb. Hər hissədə bir qol vuran “zolaqlılar” meydanı 2:0 hesablı qələbə ilə tərk edib. İlk dəqiqədən meydanda olan moldovalı futbolçu qələbədən başqa yollarının olmadığını bildirib: “Biz meydanda baş məşqçinin verdiyi tapşırıqları ən yüksək şəkildə yerinə yetirməyə çalışdıq. Turnir cədvəlindəki mövqeyimiz də bizi qələbə qazanmağa məcbur edirdi. 3 xal qazanıb mövqeyimizi yaxşılaşdırmaq istəyirdik. Həm də I dövrədə “Qarabağ” bizi məğlub etmişdi. Bu qələbəni klubumuzun prezidenti Hafiz Məmmədova hədiyyə edirəm”.

Fasiləyə üstünlüklə yollanan “Bakı” ikinci hissədə müdafiəyə çox çəkildi. Rəqibi əks-hücumda yaxalamağa çalışan Şaferin yetirmələri öz qapısı qarşısında çətin anlar yaşadı. Savinov bunu “Bakı”nın zəif oynaması ilə deyil, rəqibin hesabı bərabərləşdirmək üçün irəli atılması ilə izah edib: “Biz zəif oynamadıq. Sadəcə, rəqib hesabda geri düşdüyünə görə, irəli atıldı. Biz də onları əks-hücumda yaxalamaq istəyirdik. Ona görə də ehtiyatlı oynamağa çalışdıq. Ən əsası qələbə qazandığımıza görə şadam”.