Rəşad Sadıqov: Kefim yerində deyil - MÜSAHİBƏ
14.11.2010 - 10:59
Rəşad Sadıqov: Kefim yerində deyil - MÜSAHİBƏ
Unibank Premyer Liqasının XIII turu çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən “Bakı” – “Qarabağ” oyununu milli komandamızın kapitanı Rəşad Sadıqov da izləyirdi. Hazırda Türkiyənin “Əskişəhərspor” klubunun şərəfini qoruyan futbolçu oyundan görüşdən sonra apasport.az saytının suallarını cavablandırıb.

- Bakıya nə vaxt gəlmisiz?
- Cümə axşamı.

- Zədən nə yerdədir?
- 1 həftədən sonra qaçmağa başlayacağam. Bu gün (dünən – red) yığmanın həkimi də məni müayinə etdi və 1 həftədən sonra məşqlərə başlaya biləcəyimi dedi.

- Deməli, milli komandamızın noyabrın 17-də Çernoqoriya ilə keçirəcəyi yoldaşlıq oyununa getməyəcəksiniz...
- Xeyr. Bir həftədir məşq etmirəm. Həm də ayağımda ağrılar var.

- “Əskişəhərspor”da işləriniz necə gedir?
- Yaxşı, hər şey qaydasındadır.

- “Fənərbağça”ya məğlubiyyətdən sonra Türkiyə mətbuatının tənqid hədəfinə çevrildiniz.
- Məğlub olduğumuza görə, müəyyən qan-qaraçılıq var. Həm də baş məşqçi cəzalı olduğu üçün kefimiz yerində deyil. İnşallah, bu çətinlikləri yaxın günlərdə geridə qoyacağıq.

- Semihin qol vurduğu epizodda ciddi səhvə yol verdiniz. Buna görə oyundan sonra baş məşqçi sizə irad bildirdimi?
- Müdafiədə oynayırıq. Bəs niyə Gökan Könülə imkan verirdilər ki, qol vursun? Necə olur ki, cinahda oynayan futbolçu qol vurmaqla yanaşı, 2 məhsuldar ötürmə etdi? Deməli, komanda şəklində çox zəif müdafiə olunmuşuq.

- Baş məşqçi Bülənt Uyğunun baş məşqçi postunda Rza Çalımbayı əvəzləməsindən sonra komandada nə dəyişib?
- Onun gəlişindən sonra komandada edilən dəyişikliklər hamısı göz qabağındadır. Çox şey dəyişib. Dövrələrarası fasilədən sonra tam başqa komanda izləyəcəyinizi düşünürəm.

- Türkiyəyə nə vaxt dönəcəksiniz?
- Bazar ertəsi.

- Necə düşünürsünüz, “Qarabağ” Avropa Liqasından sonra Premyer Liqaya adaptasiya ola bilibmi?
- Azərbaycan çempionatı ilə Türkiyə çempionatı tam fərqlidir. Burda oynayanda, gərək bu çempionata uyğunlaşasan. Düşünürəm ki, çempionat daha maraqlı keçəcək.