“Heyətdəki dəyişiklik Azərbaycan yığmasına uduzduğumuz üçün edilməyib”
15.11.2010 - 11:30
“Heyətdəki dəyişiklik Azərbaycan yığmasına uduzduğumuz üçün edilməyib”
“Avstriya ilə oyunadək, yəni martın 29-dək uzun vaxtımız var. Bundan istifadə etməliyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyə milli komandasının məşqçisi Oğuz Çətin deyib.

Avro-2012-nin seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan “ay-ulduzlular” Hollandiya ilə yoldaşlıq matçına fərqli heyət çağırıblar. 12 futbolçudan imtina edən və heyətə 9 yeni sima cəlb edən türklər bunu həmyerlilərimizə məğlubiyyətlə əlaqələndirməyiblər. Çətin bildirib ki, dəyişiklik yığmada rəqabətin artması üçün hesablanan bir addımdır: “Heyətdəki dəyişiklik Azərbaycana uduzduğumuz üçün edilməyib. Biz seçmə mərhələnin növbəti görüşünə kimi bəzi gənc və təcrübəsiz futbolçulara şans verəcəyik. Baş məşqçimiz Qus Hiddink onları həm təlim-məşq, həm də matçda görmək istədi. Heyətə çağırmadıqlarımız isə bizim potensial futbolçularımızdır. Bütün mövqelərdə seçim edəcəyik. Milli komandada rəqabəti gücləndirmək arzusundayıq və bunun üçün də belə bir addım atmışıq. Digər matçlarda fərqli adlar da ola bilər”.

Xatırladaq ki, Türkiyə yığması Bakıda milli komandamıza 0:1 hesabı ilə məğlub olmuşdu.