Açıq məşqin məqamları: Foqtsun start heyəti demək olar məlumdur
15.11.2010 - 22:24
Açıq məşqin məqamları: Foqtsun start heyəti demək olar məlumdur
Bu gün Azərbaycan yığması Podqoritsada açıq məşq keçirib. Apasport.az saytının Çernoqoriyaya ezam olunmuş müxbirinin məlumatına görə, noyabrın 17-də bu ölkənin yığması ilə yoldaşlıq görüşü keçirəcək komandamız axşam hazırlığını oyunun baş tutacağı stadionda etdi.

Yerli vaxtla saat 15:00-da (Bakı vaxtilə saat 18:00) başlayan məşqi yalnız ölkəmizdən gələn jurnalistlər izləyirdi. Bu ölkədəki həmkarlarımızın yoxluğu azmış kimi, yığmamızın məşqində tək-tük çernoqoriyalını görmək mümkün idi. Onlar da deyəsən, stadiondan işçiləri, yaxud ətrafda yaşayan yaşlı insanlar idi.

Futbolçuların isinmə hərəkətlərinin ardınca yığmamızın baş məşqçisi Berti Foqts ənənəvi olaraq, onları məşqin əvvəlindən meydanın ortasına yığdı. Tərcüməçi vasitəçiliyi ilə qısa söhbətdən sonra məşq başladı. Qapıçılar Kamran Ağayev, Fərhad Vəliyev və Aqil Məmmədov onlarla işləyən məşqçilər – almaniyalı Uli Ştaynla Faiq Əzizovun sərəncamında idi. Foqts isə əsas köməkçisi Olaf Yansenlə birgə futbolçuları əsasən toplu hərəkətlər, ötürmələr üzərində çalışdırırdı.

Ardından şərti olaraq “göylər” və “yaşıllar”a bölünən futbolçular ikitərəfli oyun keçirdilər. Artıq bu zaman oyunçulara diqqət yetirsək, Foqtsun Çernoqoriyaya qarşı çıxaracağı əsas heyəti müəyyənləşdirmək olardı.

Düzdür, bu, açıq məşq idi və almaniyalı çalışdırıcımız bunu nəzərə alaraq, bütün hər şeyi ortaya qoymaq istəmir, oyunun gedişində bəzi futbolçuların üst geyimlərini, onların komandalarını dəyişdirirdi. Misal üçün, Fərid Quliyev əvvəlcə göy, daha sonra yaşıl geyimdə, digər hücumçu Rauf Əliyev əksinə oldu. Vladimir Levini də misal göstərmək olar. İstənilən halda, müşahidələrimə əsasən onu deyə bilərəm ki, Foqts ona böyük uğur gətirən Türkiyə yığması üzərində qalib heyətin çoxunu meydana çıxaracaq.

Qapıda Kamran Ağayevun duracağı şübhə doğurmur. Müdafiənin mərkəzində Saşa Yunisoğlu – Vladimir Levun cütlüyü tandem təşkil edəcək. Zədəli kapitan Rəşad Sadıqovu məhz Levinin əvəzləmək şansı böyükdür. Hərçənd, Vladimir Levin zədədən yenicə qayıdıb və üç ay bu səbəbdən oynamırdı. Mərkəz müdafiəçisi mövqeyinə Ruslan Abışov əsas namizəd olsa da, onun Türkiyə ilə görüşdə olduğu kimi, dayaq yarımmüdafiəçisi funksiyasını yerinə yetirəcəyini demək olar. Çünki ikitərəfli oyunun çox hissəsini hamıdan fərqli, sarı geyimdə keçirən Ruslan məhz bu mövqedə sınanırdı. O, yalnız sonda mərkəzə çəkildi, Levin sarı geyimdə dayaq yarımmüdafiəçisi oldu.

Müdafiənin cinahları Elnur Allahverdiyevlə Mahir Şükürova tapşırılacaq. Elnur uzun fasilədən sonra bu doğma mövqeyinə Türkiyə ilə oyunda qayıtdı və uğurlu alındı. Rail Məlikovla Maksim Medvedev zədə üzündən kənarda qaldıqlarından, müdafiənin sağ cinahı ilə bağlı problem yaranıb. Yığmada və “Anji”də yarımmüdafiənin sağ cinahında yer alan Mahir türklərlə görüşdə olduğu kimi, məcburiyyətdən müdafiənin sağ cinahına çəkiləcək. Məlikovu Türkiyə ilə oyunda uğurla əvəzləyən Aleksandr Çertoqanov isə sağ cinah yarımmüdafiəçisi kimi sınanır.

Rahid Əmirquliyev yenə əsas dayaq yarımmüdafiəçimiz olacaq. Vüqar Nadirov bu dəfə də yarımmüdafiənin sol cinahında sınanırdı. Mərkəz hücumçusu isə ya Fərid, ya da Rauf olacaq. Türkiyə ilə oyunda bu funksiyanı icra edən Vaqif Cavadov sona kimi “yaşıllar” arasında oldu. Yığmanın hazırlığı öncəsi zədələnən, son anda heyətə çağırılan Vaqif böyük ehtimalla ilk dəqiqələrdən ehtiyatda qalacaq. Onun kimi Fərhad Vəliyev, Aqil Məmmədov, Aqil Nəbiyev, Nodar Məmmədov, Amit Quluzadə, Cavid Hüseynov, Vurğun Hüseynovun adını çəkə bilərik. Bu sırada Elvin Məmmədovun yer almasını gözlənilməz saymaq olar. Çünki bu yarımmüdafiəçi son vaxtlar klubunda daim əsas heyətdə meydana çıxır. Ancaq görünür, Foqts onu əsas heyətə qaytarmağı hələ tez sayır.

Yeri gəlmişkən, ikitərəfli oyunda mübarizə zamanı Elvin bir müddət ayağa dura bilməsə də, onun zədə ilə bağlı ciddi problemi yaranmadı. Ümumiyyətlə, yığmamızda olan 20 futbolçunun hamısının məşqlərdə iştirakı, kiminsə zədəli olmamağı sevindiricidir.

Qeyd edək ki, Foqts müsahibəyə icazə vermədiyi futbolçularla birgə jurnalistlər qarşısına çıxmağı sabaha saxlayıb. Bu da onun keçirəcəyi mətbuat konfransı ilə bağlıdır. Sadıqovun yoxluğunda kapitan sarğısını daşıyacaq Şükürovun da iştirakı gözlənilir. Çernoqoriya yığmasının baş məşqçisi Zlatko Krançar isə mətbuat konfransı keçirsə, bunu axşam, məşqindən öncə edəcək.

Mehman SÜLEYMANOV, Podqoritsa