Zlatko Krançar: Vuçiniçi Azərbaycanla oyundan azad etdim
16.11.2010 - 10:00
Zlatko Krançar: Vuçiniçi Azərbaycanla oyundan azad etdim
Sabah Azərbaycan milli komandası ilə qarşılaşacaq Çernoqoriya yığmasının baş məşqçisi Zlatko Krançar yoldaşlı oyunu ərəfəsində mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, mütəxəssis daha çox komandasının heyətindən danışıb.

- Azərbaycanla oyun haqqında nə düşünürsünüz?
- Bizim yaratdığımız və qurduğumuz oyun sistemi bizə imkan vermir ki, Azərbaycanla oyunda arxayınlaşaq. Biz bu matçda da öz üslubumuza sadiq oyun göstərəcəyik. Hətta pis nəticə də bizi yolumuzdan döndərə bilməz.

- Azərbaycanla oyun ərədfəsində heyətdə bəzi dəyişikliklər etmisiniz?
- Mən Mirko Vuçuniç, Andre Delibaşiç, Miodraq Cudoviç, Mitar Novakoviçi bu oyundan azad etdim. Həmçinin Elsad Zverotiç zədəli olduğu üçün oynaya bilməyəcək. Onların yoxluğunda digərləri özlərini göstərmək şansı qazanacaqlar. Məqsədimiz odur ki, bu matçın sayəsində martdakı seçmə oyunlarda kimlərə güvənə biləcəyimizi müəyyənləşdirək.

- Yoxlamaq istədiyiniz oyunçuların hamısını dəvət edə bildinizmi?
- “Zeta” klubunun futbolçuları Qoran Burzanoviç və Vladimir Bolyeviçi də çağırmaq istəyirdim. Qoranın yaradıcılığı məni məmnun edir. Vladimir isə Nikola Drinçiçi əvəz edə bilər. Lakin zədəli olduqlarından onları sınaya bilməyəcəyəm.

- Bəzi futbolçular klublarında yaxşı oynadığından milliyə çağırılmamağından narazılıq edir...
- Azərbaycanla oyuna yaxşı nəticə qazanmaq üçün lazım olan tələblərə cavab verən futbolçuları çağırmışam. Oyun üslubumuza uyğun gələn digərlərini də sonradan sınayacağam.