İspaniya yığması Bakıya gəlir
16.11.2010 - 14:18
İspaniya yığması Bakıya gəlir
17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin IX qrupunun oyunlarının keçiriləcəyi yer müəyyənləşib. Apasport.az saytının məlumatına görə, İspaniya, Ukrayna, Bosniya və Herseqovina yığmaları ilə eyni qrupda yer alan Azərbaycan milli komandası mini turnirə ev sahibliyi edəcək. Bu qrupun oyunları 2011-ci ilin sentyabr-oktyabr aylarında Azərbaycanda keçiriləcək.

İlkin seçmə mərhələdə qrupda birinci yeri tutan komandalarla yanaşı, ən yaxşı nəticə ilə 2-ci pillədə qərarlaşmış 4 yığma da ikinci seçmə mərhələyə vəsiqə qazanacaq. Almaniya və Hollandiya yığmalarının birbaşa qatılacağı ikinci seçmə mərhələnin oyunları 2012-ci ilin yazında keçiriləcək. Bu mərhələdə qrup qalibi olan komandalar Nyon şəhərindəki «Kolovre» stadionunda keçiriləcək final mərhələsində mübarizə aparacaq.

Xatırladaq ki, FİFA İcraiyyə Komitəsinin qərarına əsasən, 2012-ci ildə 17 yaşadək qızlardan ibarət komandalar arasında dünya çempionatının final mərhələsi Azərbaycanda təşkil olunacaq.

Mənbə: affa.az