“Podqoritsaya qələbə əzmi ilə gəlmişik”
16.11.2010 - 14:32
“Podqoritsaya qələbə əzmi ilə gəlmişik”
Çernoqoriya yığması ilə qarşılaşacaq Azərbaycan yığmasının üzvləri bu gün Podqoritsada təşkil olunan mətbuat konfransında iştirak ediblər. Apasport.az saytının məlumatına görə, futbolçuları tədbirdə komandanın kapitanı Mahir Şükürov, həmçinin Rahid Əmirquliyevlə Ruslan Abışov təmsil ediblər. Oyun haqqında fikirlərini açıqlamazdan əvvəl Azərbaycan xalqını qurban bayramı münasibətilə təbrik edən yığma üzvləri qarşılaşmaya nikbin yanaşdıqlarını, rəqibin lideri Mirko Vuçiniçin yoxluğunun isə bizə üstünlük qazandırmadığını bildiriblər.

Daha geniş danışan Mahir iddialı olduqlarını söyləyib: “Türkiyə ilə oyundan sonra komandada yaxşı əhval-ruhiyyə var. Burada qələbə əzmi ilə gəlmişik. Düzdür, yığmada itkilər var. Lakin bu, bizi ruhdan salmır. Açığı, hücum xəttindəki problemlərin olması müdafiə və yarımmüdafiənin üzərinə düşən yükü çətinləşdirir. Lakin bayram günündə azarkeşlərimizi sevindirmək əzmindəyik. Azərbaycanda bizdən qələbə gözləyirlər. O ki, qaldı kapitan olmağıma əvvəllər də bu sarğını daşımışam. Lixtenşteyndəki görüşü yaxşı xatırlayıram. Həmin vaxt biz səfər qələbəsi qazandıq”.

Rahid isə matçla bağlı qısa və konkret danışmağa üstünlük verib: “Biz bura qələbə qazanmağa gəlmişik. Bu matçda Çernoqoriyanı udacağıq da”.

Ruslan isə hələ də hansı mövqedə oynayacağını bilmədiyini söyləyib: “Hansı mövqedə oynayacağımı bilmirəm. Lakin bundan asılı olmayaraq komandaya xeyir verməyə hazıram”.