“Vuçiniçin bizə qarşı oynayıb-oynamağının fərqi yoxdur”
16.11.2010 - 16:36
“Vuçiniçin bizə qarşı oynayıb-oynamağının fərqi yoxdur”
“Türkiyə üzərində qələbədən sonra komandada özünəinam çox artıb. Bunun davamının gəlməsini istəyirik. Düzdür, Çernoqoriya da ciddi və güclü rəqibdir. Qrupunda lider olmağı buna bir daha sübutdur. Ancaq çalışacağıq ki, burada yaxşı oyun göstərib, xalqımızı Qurban bayramında sevindirək”. Apasport.az saytının Çernoqoriyaya ezam olunan müxbirinin məlumatına görə, bu fikirləri Azərbaycan millisinin futbolçusu Ruslan Abışov deyib.

Gənc olmasına baxmayaraq, artıq yığmamızın aparıcı futbolçularından sayılan 23 yaşlı müdafiəçi inamlı, soyuqqanlı oyunu ilə seçilir. Çernoqoriya yığmasının lideri Mirko Vuçiniçin bizə qarşı oynaması müdafiə xəttinin işini çətinləşdirəcəkdi. Hər halda, “Roma” klubunun hücumçusu məhsuldar, rəqib üçün təhlükəli futbolçudur. Ancaq Abışov Mirkonun yoxluğunu yığmamız üçün üstünlük saymır: “Vuçiniçin bizə qarşı oynayıb-oynamağının fərqi yoxdur. Onunla oynamaq maraqlı olardı. Çünki Vuçiniç kimi hücumçuya qarşı oynamaq, hər bir müdafiəçi üçün stimuldur. Onun yoxluğu bizim üçün sevindirici hal deyil. Heyətimizdə itkilərimiz var, zədəli futbolçularımız çoxdur. Ancaq bu, bizi qorxutmur. Gənc heyətimiz var və yaxşı oyun göstərməyə çalışacağıq. Əsas odur ki, əzmkar oynayaq. Ola bilər ki, ustalıq səviyyəsində onlar bizdən güclü olsun. Ancaq çalışacağıq ki, əzmkar, mübariz bir oyun göstərək”.

“Neftçi”də mərkəz müdafiəçisi oynayan Ruslan yığmada son oyunlarda dayaq yarımmüdafiəçisi mövqeyində sınanıb və bu, yaxşı da alınıb. Ancaq indi kapitan, əsas mərkəz müdafiəçisi sayılan Rəşad Sadıqovun yoxluğunu nəzərə almaq lazımdır. Maraqlıdır, Abışov Çernoqoriya ilə yoldaşlıq görüşündə hansı mövqedə oynayacaq? “Hansı mövqedə oynamağım baş məşqçinin fikridir. Açığı, mən bunu dəqiq bilmirəm. Məni harada qoyacaqsa, orada əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam. Mənə hansı mövqedə oynamağımın fərqi yoxdur. Əsas odur ki, millimizə, komandamıza kömək edəm”.

Mehman SÜLEYMANOV, Podqoritsa