Mahir Şükürov: Danışanda, məni cərimələyirlər
16.11.2010 - 16:57
Mahir Şükürov: Danışanda, məni cərimələyirlər
“Son oyunumuzda Türkiyə yığmasına qalib gəlmişik. Biz də istəyirik ki, həmin qələbəni burda da bayram edək. Çernoqoriya ilə oyun yoldaşlıq görüşü olmasına baxmayaraq, bu qələbə də vacibdir. Ona görə də bura qələbə əzmi ilə gəlmişik”. Apasport.az saytının Çernoqoriyaya ezam olunmuş müxbirinin məlumatına görə, bu fikirləri Azərbaycan yığmasının kapitanı Mahir Şükürov deyib.

Əsas kapitan Rəşad Sadıqov zədələndiyindən, Çernoqoriya sabahkı yoldaşlıq görüşündə millimizdə sarğını Mahir daşıyacaq. Özü də Şükürovun da son üç həftədə sağlıq durumunda problemi, allergiyası olduğundan, Türkiyə ilə görüşdən sonra oynamır: “Yığmada kapitanlıq hissini yaşamışam. Bu, Lixtenşteynə qarşı olmuşdu, həmin səfər oyununda qalib gəlmişdik. Düzdür, kapitanlıqda məsuliyyət hissi böyükdür, komandanı arxasınca aparmalısan. Ancaq biz də təcrübəli futbolçuyuq. İnşallah, bunun öhdəsindən gələrik”.

Çernoqoriyaya ciddi itkilərlə gəlməsi, komandanın işini çətinləşdirdi. Sadıqovla yanaşı, bir sıra futbolçularımız zədə üzündən heyətdən kənarda qaldı. Rəqib isə qrupunun lideri, nəinki uduzmayan, heç qol buraxmayan komandadır. Ancaq Şükürov bütün bunlara görə bədbinləşməyi düzgün saymır: “Düzdür, Çernoqoriya güclü rəqibdir. Ancaq özünüz də görürsünüz ki, komandamızda gənc futbolçular çoxdur. Həm də biz meydanda birgə mübarizə aparır, kollektiv oyun oynayırıq. Komandada hamı can yandırır. Ona görə sabahkı oyunda bütün gücümüzü qoymaq istəyirik. Düzdür, mən də demək olar üç həftədir məşq etmirdim. Məşqlərə yeni-yeni başlamışam. Ola bilsin ki, sabahkı oyunda bu amil, öz təsirini göstərsin. Vaxtilə bizdə bu qədər zədəli futbolçu olmamışdı. Rəşad Sadıqov, Samir Abbasov kimi təcrübəli futbolçuların yoxluğu, mənim, Ruslan Abışovun xeyli vaxtdır məşq etməməyi öz sözünü deyə bilər. Ancaq Ruslan Türkiyə ilə oyuna çıxıb, yaxşı təsir bağışladı. Ancaq əgər biz bu gün bura gəlmişiksə, bu çətinliklərin öhdəsindən gəlməliyik. Sabah başa salmaq olmur ki, zədəli idim, ona görə belə alındı. Millət deyir ki, meydana çıxmısansa, oynamalısan. Ona görə də sabah hər şeyi yaddan çıxarıb, qırağa qoyub, nə gücümüz var, bu gün oyuna necə hazır olmuşuqsa, onu ortaya qoymaq lazımdır”.

Mahir rəqibin oyunun bu gün təhlil edəcəklərini bildirib: “Dünən iclasımız oldu. Baş məşqçimiz rəqiblə bağlı bizimlə söhbətləşdi. Qıcasa da olsa, oyun, komanda barəsində danışdıq. Əsas bu gün, axşam məşqinə yaxın olacaq. Rəqibin oyununa baxıb, təhlil edəcəyik. Həmin vaxt baş məşqçi sabahkı oyuna hansı taktika ilə oynamaq lazım olduğunu deyəcək”.

Şükürovun bu ildən oynadığı Rusiyanın “Anji” klubunun adı son günlərdə xoşagəlməz şeylərdə hallanır. Belə ki, güclülər dəstəsində qalmaq üçün çalışan komandanın onsuz da bu vəzifəni yerinə yetirən “Terek”lə oyununun nəticəsinin danışıldığı deyilir. Ancaq Şükürov ehtiyatda qaldığı həmin görüşlə bağlı deyilənlərin nə dərəcədə doğru ilə bağlı sualı cavablandırmağı lazım bilmədi: “Komandamız qələbə qazandı, ancaq başqa şeyləri deyə bilmərəm. Çünki danışanda, klub məni cərimələyir. Bunu baş məşqçidən lap yaxşı olar. Bütün Rusiya mətbuatı bu haqda yazıb. Sözün açığı, oyunçularımızdan bizim mediaya müsahibə verən yalnız mənəm. Digər futbolçulardan almırlar, ona görə də onlar danışmırlar”.

Mehman SÜLEYMANOV, Podqoritsa