Berti Foqts: Həmin məşqçi mənə bir söz deyir, mətbuata başqa
16.11.2010 - 19:10
Berti Foqts: Həmin məşqçi mənə bir söz deyir, mətbuata başqa
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Çernoqoriya ilə yoldaşlıq görüşü ilə öncəsi bu gün mətbuat konfransı keçirib. Apasport.az saytının Podqoritsaya ezam olunmuş müxbirinin məlumatına görə, alman mütəxəssis jurnalistlər qarşısına çıxan Mahir Şükürov, Ruslan Abışov və Rahid Əmirquliyevdən sonra konfrans zalına daxil oldu. Foqts konfransa öncə xalqımızı Qurban bayramı münasibətilə təbrik etməklə başladı.

- Öncə bütün Azərbaycan xalqının Qurban bayramı münasibətilə təbrik etmək istərdim. Bilirəm ki, bu, böyük bayramdır və xalqınız bu müqəddəs günü qeyd edir. Təəssüf ki, biz bu gün Azərbaycanda deyilik və bu bayramı millətlə birgə qeyd edə bilmirik. Buna görə də fürsətdən istifadə edib, təbriklərimi çatdırıram. Əfsuslar olsun ki, oyun təqvimi Azərbaycan yox, FİFA tərəfdən qurulur və sabaha beynəlxalq oyun təyin olunub. Biz də çox şadıq ki, əlimizə belə rəqibə qarşı oynamaq fürsəti düşüb. Sabah bizi güclü rəqib gözləyir. Çernoqoriya yığmasının qrupunda lider olduğunu, son dünya çempionatının final mərhələsinin iştirakçıları olan İngiltərə və İsveçrə millilərini qabaqladığı haqda bilirik. 4 oyunda 10 xal toplamaq və qapısından qol buraxmamaq – bu, komandanın səviyyəsini göstərir. Onu da bilirik ki, rəqibin heyətində hamısı xaricdə, güclü çempionatlarda oynayırlar. Bilirəm ki, sabah güclü rəqib ola bilərik. Çünki Türkiyə yığmasına qalib gəldiyimiz oyundan sonra futbolçularda özünəinam artıb. Sabah bunu meydanda nümayiş etdirəcəyik. Onu da unutmayaq ki, Türkiyə ilə oyundan sonra nə badə özümüzdən razı olaq. Deyək ki, udmuşuq, yetərlidir, yox, elə deyil. Mənə elə gəlir ki, axırıncı qələbəni nəzərə alsaq, mənim komandam sabah meydanda güclü rəqib olacaq. Buna baxmayaraq, işimiz çətindir. 4 futbolçudur zədəlidir. Mənə iki il əvvəl kimsə desəydi ki, Rəşad Sadıqov, Samir Abbasov, Rail Məlikov, Maksim Medvedevsiz meydana çıxacağıq, buna inanmazdım. Ancaq buna baxmayaraq, güclü rəqib olacağıq. Bu, mənim üçün sevindiricidir. Komandamız son iki ildə inkişaf edib, fiziki baxımdan durum yaxşıdır. Son iki il yarımda gördüyümüz işin nəticəsini sabah komanda meydanda göstərməlidir. Buradakı məşq şəraitindən çox razıyam, meydançalar gözəl vəziyyətdədir. Dünən məşq etdiyimiz meydandan, orada oynamaqdan adam doğrudan da həzz alırdı. Bu baxımdan stadion da sabah yaxşı oyuna hazırdır. Həm mənə, həm də Çernoqoriya yığmasında olan həmkarıma gənc futbolçulara şans vermək vacibdir. Çünki gələn ilin martında rəsmi oyunlar gələndə onların oyun səviyyəsinin seçmə mərhələdə güclü rəqibə qarşı çatıb-çatmadığını görməliyik. Ona görə də mən sabahkı oyuna çox müsbət baxıram.

- Siz qələbə qazanmaq istədiyinizdən danışırsınız. Ancaq fikrinizin sonunda gənc futbolçuların meydana buraxmağın vacibliyini bildirdiniz. Onlarla güclü rəqibə səfərdə qalib gəlmək nə dərəcədə realdır?
- Mən deyərdim ki, bu komandanın potensialı çox böyükdür. Sözsüz ki, 4 futbolçumuzun oynamamağı, sabah bizi güclü rəqibin gözlədiyini də nəzərə almaq lazımdır. Çernoqoriya səfərdə İngiltərə ilə heç-heçə edib, İsveçrəyə qalib gəlib. Ona görə də mən ilk növbədə onlardan yaxşı oyun, futbolçulardan Türkiyəyə qarşı oyundan da yaxşısını gözləyirəm. Nəticədə qələbə qazansaq, sözsüz ki, yaxşıdır.

- Çernoqoriya ilə görüşdə heç-heçə Berti Foqts üçün uğurlu nəticə sayılacaq?
- Sabahkı oyunda mənim üçün nəticə elə də vacib deyil. Biz bir şeyi unutmamalı, mentaliteti də nəzərə almalıyıq. Türkiyə ilə oyundan sonra gördüm ki, bəzi futbolçularda özündənrazılıq əlaməti yaranıb. Fikirləşdilər ki, bununla bəsdir, ancaq bu, səhvdir. Bir oyunu uduzanda səhvlərimizi düzəltməliyik. Sabahkı oyunda mənim üçün vacib olan nəticə yox, bu inkişafın davam etməsidir. Ona görə də mən bu oyuna nəticə yox, başqa nöqteyi-nəzərdən baxıram. Artıq görməliyəm ki, Türkiyə ilə oyundan sonra inkişaf davam edir.

- Yığmamız 2010-cu ili Çernoqoriya ilə görüşlə başa vuracaq. Foqts başa çatmaqda olan ili necə xarakterizə edərdi?
- Mən bu ili yox, son iki yarımı nəzərdə tutmaq istəyərdim. Buna bir sözlə cavab vermək istəməzdim. Son iki il yarımı yadıma salanda deyə bilərəm ki, milli komandamız düzgün yolu seçib, irəli gedir və mən bu inkişafı görürəm. Onu demək istəyirəm ki, bəzi hazır olmayan futbolçular var. Təəssüf ki, siz bəzi futbolçulara mətbuata çıxıb, səhv fikirlər bildirməyə imkan yaradırsınız. Futbol elə idman növüdür, orada qaçmaq, vuruşmaq, çalışmaq lazımdır. Əgər bir futbolçu öz vətəni üçün 90 dəqiqə vuruşmağa, qaçmağa, çalışmağa hazır deyilsə, məncə, onlara mətbuata çıxmağa imkan yaratmaq lazım deyil. Siz də bu inkişafda bizə kömək edə bilərsiniz.

- Foqts statistikaya nə dərəcədə inanır? Azərbaycan komandalarının Podqoritsada hələ uduzmadıqlarından xəbəri varmı?
- Siz bilirsiniz, indi millidə Podqoritsadakı həmin görüşdəki heyətdən neçə futbolçu oynayır?

- Heç biri.
- Bəs “Bakı”dan?

- Aqil Məmmədovla Vaqif Cavadov.
- Aqil qapıçıdır. Sahə oyunçusu yalnız Vaqifdir. “Bakı” “Buduçnost”a qarşı oynayanda heyətində nə qədər azərbaycanlı futbolçu oynayırdı? Buna görə də həmin heyətləri bir səviyyəyə qoymaq düzgün olmazdı. Rəqibimizin heyətində çox futbolçular İspaniya, Almaniya, İtaliya, İngiltərə, Portuqaliyada oynayırlar. Heç biri öz vətənindən çıxış etmir. O vaxtkı azərbaycanlı futbolçular indi Podqoritsada oynasaydı, müqayisə aparmaq olardı. Ancaq belə fikir bildirmək də çətindir.

- Sualı ona görə verdik ki, azərbaycanlılar Türkiyəyə qarşı həmişə böyük ruh yüksəkliyi oynayırlar, qələbə qazanmağın mümkünlüyünü fikirləşirlər. Çernoqoriyanın da bizə düşərli rəqib olduğunuzu nəzərə alsaq, futbolçularımızda belə ruh yüksəkliyini hiss edirsiniz?
- Bu suala əvvəl cavab verdim ki, komanda sabah yaxşı oynamağa hazırdır.

- Yığmaya gələn futbolçulardan hansının baş məşqçisinə yetirməsi yaxşı hazır olduğu üçün minnətdarlıq bildirmək istərdiniz?
- Mən bütün klub məşqçilərinə öz minnətdarlığımı bildirirəm.

- Hətta hazır gəlməyənlərə də?
- Mən hamısına təşəkkür edirəm. Onlar bu barədə iş görürlər, məşq keçirlər. Ola bilsin ki, bu, bəzi klublarda lazımı qədər deyil. Ancaq işlərinə görə hər bir klub baş məşqçisinə minnətdaram. “Qəbələ”nin çempionatda çox oyunlarına baxıram. İlk turda “Xəzər Lənkəran”la görüşlərini, keçən həftəsonu “İnter”lə oyunlarını izləmişəm. Oyundan çox razı qaldım. Vinfred Şafer “Bakı”da yaxşı iş qurduğunu qeyd edə bilərəm. Hərçənd ilk oyunlarda bəxti gətirməyib, uduzub. Ancaq “Qarabağ”la izlədiyin son oyununda yaxşı oynadılar. Onu deyə bilərəm ki, “Qarabağ”ın həmin görüşdə şansı yox idi. Bundan əvvəl izlədiyim “Neftçi” – “İnter” oyunundan da razı qaldım. Siz məndən də yaxşı bilirsiniz ki, beynəlxalq oyunlarda daha sürətli oynamaq lazımdır. Ancaq bizim oyunlara baxanda pis deyillər. Ona görə də klub məşqçilərinə minnətdarlıq edirəm. Onu demək istəyirəm ki, inkişaf üçün növbəti addım daha çox məşq etmək lazımdır. Hazırda bunun üzərində işləmək lazımdır. Gündə 1 saat məşq beynəlxalq səviyyədə yetərli deyil. Elə günlər olub ki, futbolçulara oyun qabağı 2-3 günlük fasilə verilib. Bu da düzgün deyil. Nəyə görə AFFA tərəfindən milli üçün tez-tez təlim-məşq toplanışı keçiririk? Bunu futbolçuların səviyyəsini artırmaq, inkişaf etmələri üçün edirik. Çünki AFFA irəli baxır, düzgün yol seçib. AFFA 4 günlük təlim-məşq toplanışına ona görə təşkil etmir, cənab Foqts, gəl Bakıda məşq keç. Bunun səbəbi futbolçuların həm klubda, həm də yığmada inkişaf etmələri üçündür. İrəli baxmaq lazımdır və AFFA da bunu edir.

- Hər bir klub məşqçiləri indi danışmasalar da, gizli-gizli bu təlim-məşq toplanışlarından narazılıqlarını bildirirlər. Onlar bundan çox narahat olduqları üçün hətta AFFA-ya futbolçularını buraxmamaqla bağlı müraciət də etmək istəyirlər. Yanvarda Dubayda təlim-məşq toplanışı olacaq. Bu haqda hər hansı planınız varmı, klublarla danışıqlar olacaqmı?
- Bu, klublarla AFFA arasında olan işdir. Qərarı məşqçilər yox, AFFA və klub prezidenti qəbul edir. Klub məşqçiləri mənimlə söhbət edəndə deyirlər ki, cənab Foqts əla iş görürsünüz, futbolçularımızı 4 gün yox, 10 gün saxlayın. Bu, çox gözəl işdir, daha çox təlim-məşq toplanışı keçirin. Onlar bütün bunları mənimlə danışanda deyirlər. AFFA bu inkişafı təkcə əsas yox, bütün yığmalarla davam etdirmək istəyir. Məncə, bu yolu davam etdirsək, nəticələrini görəcəyik. AFFA Azərbaycanda futbolun inkişaf etməsi üçün əlindən gələni edir. Mən Azərbaycana tez-tez gəlirəm, daha uzun müddətli təlim-məşq toplanışları keçirmək istəyirəm. Təəssüf ki, bu, həmişə alınmır. Tez-tez gəldiyim Bakı kimi gözəl şəhərdən çox xoşuma gəlir. Sözsüz ki, təlim-məşq toplanışları keçirə bilsəm, vaxtımın çox hissəsini Almaniyada keçirəcəyəm. Ancaq mən bunu istəməzdim. Sizə bir misal gətirim. Bir klub məşqçisi mənimlə söhbət edəndə dedi ki, yaxşı ki sən burdasan, təlim-məşq toplanışları keçirirsən, bu, yaxşıdır, 4 gün yox, ondan da çox keçir, bu, klub üçün də yaxşıdır, futbolçuların forması artıb. Həmin söhbəti 4 nəfər eşidib. 6 nəfər oturmuşuq, həmin məşqçi mənə müraciət edib. Bundan bir müddət keçəndən sonra eşidirəm ki, həmin məşqçi təlim-məşq toplanışlarımızla bağlı mətbuata başqa fikirlər bildirir. Ümid edirəm ki, həmin məşqçi bu sözləri mətbuatda oxuyacaq.