Çernoqoriya yığması Azərbaycanla oyuna son məşqini üç dəfə dəyişdirdi
16.11.2010 - 22:50
Çernoqoriya yığması Azərbaycanla oyuna son məşqini üç dəfə dəyişdirdi
Çernoqoriya yığması Azərbaycan milli komandası ilə yoldaşlıq görüşünə son məşqinin vaxtını üç dəfə dəyişdirdi. Apasport.az saytının Çernoqoriyaya ezam olunmuş müxbirinin məlumatına görə, rəqib bugünkü məşqinin əvvəlcə yerli vaxtla saat 15:30, ardından 14:30 və nəhayət, sonda 12:30-da başlayacağını qarşı tərəfə bildirib. Son tarix də Podqoritsaya ezam olunmuş azərbaycanlı jurnalistlərin ora vaxtında yetişməsinə problem yaradırdı. Məsələ ondadır ki, saat 11:00-da milli komandamızın üç futbolçusunun, ardından baş məşqçi Berti Foqtsun iştirakı ilə mətbuat konfransı başladı. Bundan sonra jurnalistlər məlumatların çatdırılması ilə məşğul idi. Düzdür, məşq başlayandan sonra da yetişmək olardı. Ancaq açığı, saymazyana münasibətin qarşılığında buna dəyməzdi. Əslində onlardan açıq məşqi, baş məşqçinin mətbuat konfransını soruşduqda “buna ehtiyac varmı” demələri münasibətlərindən xəbər verir.
Çernoqoriyalı jurnalistlər də Foqtsun mətbuat konfransına biganə yanaşdılar. Maraqlıdır ki, onlar yığmamızın futbolçularının mətbuat konfransı bitən kimi zalı tərk etdilər. Yəni onlar Foqtsun konfransının başlanmasını gözləməyib, görünür, öz millərinin məşqinə yetişməyi üstün tutdular. Konfrans zalında sayı bizi qədər – 10-a yaxın olan həmkarımız futbolçularımıza sual verməyi də lazım bilmədi. Hərçənd yığmamızın inzibatçısı mətbuat konfransının sonuna kimi onların yanında olub, deyilənlərin ingilis dilində tərcümə edirdi. Mətbuat konfransında açıq elan edən AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Quliyev çernoqoriyalı jurnalistlərə sual vermələri üçün şərait də yaratdı. Ancaq onlar buna ehtiyac görmədilər. Çernoqoriyalı jurnalistlərdən biri isə mətbuat konfransı başa çatandan sonra bəndənizə yaxınlaşaraq, baş verənləri qısaca soruşdu. Görünür, mətbuat konfransına vaxtında yetişə bilməyən həmkarımız kimlərin iştirak etdiyini, danışılanların qıcasa ona ingilis dilində çatdırılmasını istədi. Bunu etdikdən sonra heyətimizdə itkiləri, Podqoritsaya əsas heyətimizin gəldiyini soruşan çernoqoriyalı jurnalist futbolçularımızın sabahkı oyunda nəticə ilə bağlı fikirlərini də xəbər aldı.

Mehman SÜLEYMANOV, Podqoritsa