Əfran İsmayılovun proqnozu
17.11.2010 - 10:00
Əfran İsmayılovun proqnozu
“Məncə oyun 1:1 hesabı ilə başa çatacaq. Qolu da Rauf Əliyev vuracaq”. Bu sözləri apasport.az saytına açıqlamasında milli komandamızın və Ağdamın “Qarabağ” klubunun üzvü Əfran İsmayılov deyib.

Bu gün Podqoritsa şəhərində Çernoqoriya millisi ilə qarşılaşacaq Azərbaycan yığması səfərə heç də ideal heyətlə yollanmayıb. Belə ki, Rəşad Sadıqov, Maksim Medvedev və Samir Abasov kimi millinin əsas üzvləri zədə ucbatından yoldaşlıq oyununda forma geyinə bilməyəcəklər. Millimizə kömək edə bilməyəcək digər futbolçu isə Əfran İsmayılovdur. Xeyli müddətdir zədələnən gənc yarımmüdafiəçi yığmamızın Çernoqoriya ilə görüşü barədə fikirlərini bildirib: “Nəzərə almaq lazımdır ki, yığmamız indiyədək Podqoritsa şəhərində məğlub olmayıb. Çernoqoriya millisi güclü komandadır. Xüsusən, yaxşı hücumçuları var. Müdafiəçilərimiz diqqətli olmalıdır”.

Çernoqoriya ilə oyun yoldaşlıq xarakteri daşısa da, 22 yaşlı yarımmüdafiəçi nəticəni vacib sayır. Onun fikrincə, səfərdə əldə olunacaq nəticə millimizin gələcək oyunlara köklənmək baxımından əhəmiyyətli olacaq: “Yoldaşlıq oyunundur. Ona görə qələbə elə də vacib deyil. Ancaq əldə edəcəyimiz qələbə əhval-ruhiyə baxımından çox önəmli ola bilər. Bu gələcək oyunlarımızı müsbət mənada öz təsirini göstərəcək”.

O, heyətdə zədəli futbolçuların çox olmasının mənfi və müsbət cəhətlərinə də toxunaraq bildirib ki, səfərdə əldə ediləcək heç-heçəni sərfəli nəticə kimi qiymətləndirmək lazımdır: “Dediyim kimi, Çernoqoriya yığması yaxşı komandadır. Öz qruplarında liderdir. Milllidəki zədəli futbolçuların çoxluğunu nəzərə alsaq, səfərdə əldə edəcəyimiz heç-heçə yaxşı nəticə olacaq. Zədəli futbolçulara gəlincə, bu, heyətə çağrılan gənc futbolçular üçün müsbət amildir. Özlərini göstərmək üçün yaxşı şans əldə ediblər. Mənfi cəhəti isə hesabda öz əksini göstərə bilər”.