Bakıdakı məğlubiyyət Qus Hiddinkin yadından çıxmır
17.11.2010 - 11:36
Bakıdakı məğlubiyyət Qus Hiddinkin yadından çıxmır
“Azərbaycana məğlubiyyət komandamızda gəncləşmə siyasətinə start verdi”. Apasport.az saytının məlumatlarına görə, bu sözləri Türkiyə yığmasının baş məşqçisi Qus Hiddink deyib.

Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Berti Foqtsun yetirmələri ilə eyni qrupda yer alan “ay-ulduzlular”ın baş məşqçisi Hollandiya ilə oyunöncəsi mətbuat konfransında bir daha Azərbaycana 0:1 hesabı ilə uduzmalarına toxunub. O bildirib ki, hazırda milli komandanın qarşısında 2 çıxış yolu var və ən uğurlusunu seçəcəklər: “Azərbaycan futbolçularına uduzmağımız xəyal qırıqlığı yaşatdı. Lakin komandamızın hazırda 2 yolu var. Birincisi Avro-2012-də sona qalmağımızdır. İkincisi isə yığmanı tamamilə yeniləmək və gəncləşdirməkdir. Mən perspektivli futbolçuların yolunu açmaq istəyirəm. Onlara da güvənirəm. Hər bir mütəxəssis bir ölkəyə getdikdə öz iş sistemini qurur. Düzdür, bu zaman çətinliklər ortaya çıxır. Məsələn, Bakıda aldığımız məğlubiyyət bunlardan biri idi. Amma yolumuza davam edəcəyik və komandanı ən yaxşı halına gətirəcəyik. Bu işdə Türkiyə Futbol Federasiyası da mənə böyük dəstək verir”.

Qeyd edək ki, Türkiyə yığması bu gün səfərdə Hollandiya ilə yoldaşlıq matçı keçirəcək.