Üçüncü uğursuz səfər
17.11.2010 - 21:00
Üçüncü uğursuz səfər
Azərbaycan milli komandası Çernoqoriya ilə yoldaşlıq oyununda uduzmaqla ardıcıl səfər məğlubiyyətlərinin sayını 3-ə çatdırıb. Apasport.az saytının məlumatına görə, Avro-2012-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də Almaniya, oktyabrın 8-də Avstriyanın qonağı olan Berti Foqtsun yetirmələri həmin görüşlərdə də uduzmuşdu – müvafiq olaraq 1:6 və 0:2. Vyanada olduğu kimi yenə iki cavabsız top buraxmaqla uduzan millimiz son səfər xalını bu il martın 3-də Lüksemburqda qazanıb. Həmin vaxt komandamız meydan sahibləri ilə yoxlama oyununda 2:1 hesabı ilə qalib gəlmişdi.

Yoldaşlıq oyunlarındakı son qələbəmiz də elə həmin matça təsadüf edib. Lüksemburq səfərindən sonra Avstriyadakı təlim-məşq toplanışında Moldova (1:1), Makedoniya (1:3) və Hondurasla (0:0) qarşılaşan futbolçularımız avqustun 11-də Bakıda qəbul etdiyimiz Küveyt yığmasını da uda bilməmişdi – 1:1. Bu isə o deməkdir ki, yoldaşlıq oyunlarındakı qələbə həsrəti Podqoritsada 5-ə çatdı.