Azərbaycan komandalarının qəniminə çevrilən Fatoş
18.11.2010 - 12:17
Azərbaycan komandalarının qəniminə çevrilən Fatoş
Çernoqoriya yığmasının futbolçusu Fatoş Beçiray Azərbaycan komandalarının qənimi olub. Apasport.az saytının məlumatına görə, ölkəsinin “Buduçnost” klubunda oynayan hücumçu son 4 ayda ikinci dəfə bizə qol vurur. Fatoş ilk dəfə iyulun 15-də “Bakı” klubu ilə Avroliqanın II təsnifat mərhələsində Tofiq Bəhramov adına Respublika stadionunda oyunda hesabı açmışdı. Həmin görüşün 38-ci dəqiqəsində seneqallı qapıçı Xalidu Sissokoya qol vuran Beçiray cavab görüşündə də sona kimi oynasa da, fərqlənə bilməmişdi. Hücumçu Podqoritsadakı stadionda bizə qol vurmaq üçün 4 ay gözləməli oldu. Bu dəfə yığmasının heyətində millimizlə yoldaşlıq görüşündə meydana çıxan Fatoşa Kamran Ağayevin qapısına yol tapmaq üçün 17 dəqiqə yetərli oldu. Belə ki, 56-cı dəqiqədə meydana girən Beçiray 73-cü dəqiqədə hesabı 2:0 edərək, oyunda son nöqtəni qoydu. Özü də çernoqoriyalı futbolçu oyuna daxil olan zamanı böyük alqışlarla qarşılandı. Bu, təkcə onun bu stadionda ev oyunlarını keçirən “Buduçnost”un futbolçusu olması ilə bağlı deyildi. Məsələ ondadır ki, əslən Kosovodan olan Fatoş xeyli vaxtdır müstəqillik qazanmaq istəyən bu ölkə iddialıdır. Kosovolular Beçiraya bildirib ki, artıq 71 ölkə onların müstəqilliyini tanıyıb və yığma kimi rəsmi oyunlara çıxanda onu heyətində görmək istəyirlər. Çernoqoriyalılar Fatoşu alqışlamaqla, onlar üçün necə dəyərli futbolçu olduqlarını göstərdilər. Hücumçu da tez bir zamanda vurduğu qolla onların etimadını doğrultdu.