“Xəzər Lənkəran”ın futbolçusu Avropa rekordçusunu yola saldı
18.11.2010 - 12:43
“Xəzər Lənkəran”ın futbolçusu Avropa rekordçusunu yola saldı
Yığmada oyun sayına görə Avropanın rekordçusu olan Vitali Astafyev 39 yaşında futbolçu karyerasını bitirib. Apasport.az saytının məlumatına görə, Latviya yığmasının kapitanı bunu noyabrın 17-də Çin yığması ilə səfərdə keçirdiyi yoldaşlıq görüşündən (0:1) sonra rəsmən bəyan edib. Yığmada 167 oyun keçirən, 16 qol vuran “Skonto”nun müdafiəçisi nəinki yığmada, ümumiyyətlə, futbolda çıxışını bitirməyi lazım bilib: “Bu, mənim Latviya yığmasında sonuncu oyunum olacaq və futbolçu karyeramda son nöqtəni qoyacaq. Mən karyeramı bitirməyə hazıram, ancaq futbolda qalmaq, fəaliyyətimi məşqçi kimi davam etdirmək istəyirəm. Mən artıq bunu mövsüm boyu “Skonto”da məşqçi və oyunçu işini birləşdirməklə edirəm. Mövsüm maraqlı oldu və onun gedişi boyu sonuncu olacağını qərara aldım. Şadam ki, doğma klubum çempionluq titulunu qazandı və karyeramda məhz belə nöqtə qoyuldu”.
Qeyd edək ki, rekordçunun gedişinə “Xəzər Lənkəran”ın qapıçısı Denis Romanov da şahid olub. O, ölkəmizdən həmin oyuna çağırılan yeganə latviyalı futbolçu oldu.