Vüqar Nadirov qol vura bilməməyimizin səbəbini açıqladı
18.11.2010 - 14:28
Vüqar Nadirov qol vura bilməməyimizin səbəbini açıqladı
“Çernoqoriya ilə oyunun ilk hissəsində demək olar yaxşı oynadıq. Kollektiv şəklində mübarizə apardıq. Ancaq ola bilsin ki, ikinci hissədə yorğunluq oldu. Baş məşqçimiz da qeyd etdi ki, sizdən 75 faiz razı qaldım”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının futbolçusu Vüqar Nadirov deyib. Çernoqoriya yığmasına səfərdə 0:2 hesabı ilə uduzduğumuz yoldaşlıq görüşünü əvəzedilmədən keçirən gənc hücumçu fəallığı ilə seçilirdi. Vüqarın fikrincə, qol vura bilməməyimizi daha çox hücum edə bilməməyimizlə əlaqələndirir: “Ona görə qol vura bilmİrik ki, hücum çatmır. Deməzdim ki, bu, rəqibdən çəkinməyimizlə bağlıdır. Ola bilər ki, bunun da təsiri var. Əlbəttə, çernoqoriyalıların müdafiəsində boşluqlar yarandığından qol vurmaq olardı. Onlar buna nail olandan sonra istər-istəməz özlərinə inam gəldi. Biz də bunun olması üçün qol vurmalıyıq. Onda komandalar daha rahat oynayırlar. Uduzmağımız mümkün idi. Ancaq fikrimcə, hesab 0:0 da ola bilərdi. Ustalıq səviyyəsi öz sözünü dedi. Rəqib qol vurandan öz oyunlarını oynamağa başladılar”.
Fiziki hazırlığı yaxşı olan Nadirovu oynadığı “Qarabağ” və yığmada müxtəlif mövqelərə qoyurlar. Belə ki, o, həm yarımmüdafiənin hər iki cinahında, həm də hücumun mərkəzində yer alıb. Ancaq Podqoritsadakı oyunda yarımmüdafiənin sol cinahında oynayan Vüqar tez-tez mövqe dəyişikliyində ciddi problem görmür: “Mənim üçün bunun fərqi yoxdur. Mən futbolçuyam, hər yerdə oynaya bilərəm. Hara qoyurlar, orada da komandama kömək etməyə çalışıram. Mənim əsl yerim elə sol cinahdır. Orada oyunumuz yaxşı alınır, özümü rahat hiss edirəm. Öz oyunumdan yalnız qol vurmamağa görə narazı qaldım, başqa şeydə yox. Sağ cinahımızda oyunun alınmamağının deyə bilmərəm. Buna baş məşqçimiz baxıb, qiymət verə bilər. Mən çıxıb öz oyunumu oynayıram. İnşallah, yavaş-yavaş düzələcək. Türkiyə üzərində qələbədən sonra uduzmağımıza görə heç bir ruh düşkünlüyü yaranmayıb. Növbəti oyunlara ciddi hazırlaşacağıq”.

Mehman SÜLEYMANOV