“Millimizin səviyyəsini artırmaq istəyiriksə, legioner həyatı yaşamalıyıq”
18.11.2010 - 16:32
 “Millimizin səviyyəsini artırmaq istəyiriksə, legioner həyatı yaşamalıyıq”
Azərbaycan milli komandasının və “Neftçi” klubunun futbolçusu Ruslan Abışovun apasport.az saytına müsahibəsi

- Çernoqoriya yığması ilə yoldaşlıq görüşündə məğlubiyyətin səbəbini nədə görürsünüz?
- Podqoritsada qələbə qazanmaq, Qurban bayramı günündə xalqımızı, özümüzü sevindirmək istəyirdik. Ancaq təəssüf ki, bu alınmadı. Çernoqoriya siz deyən elə də güclü rəqib deyildi. Halbuki oyundan qabaq böyük ajiotaj yaratmışdılar ki, belə güclü rəqibdir. Düzdür, Çernoqoriya yığması favorit sayılırdı. Ancaq oyun göstərdi ki, onlar bizdən açıq-aşkar üstün deyillər. Sadəcə, ev sahibi kimi üstünlükləri var idi. İlk 75 dəqiqədə onlarla bərabər oynadıq. Ancaq son 15 dəqiqədə demək olar öz oyunumuzu itirmişdik.

- Bu, nə ilə bağlı idi? Fiziki baxımdan yorulmuşdunuz, yoxsa meydanın sürüşkən olması öz təsirini göstərdi?
- Fiziki cəhətdən yorulduğumuzu deməzdim. Məncə, problem meydanın vəziyyəti ilə bağlı idi. Çünki ikinci hissədə yağış gücləndi və meydanın bizə aid olan hissəsi bərbad vəziyyətə düşdü. Həm də bu oyunlar təcrübə baxımdan çox yaxşıdır. İnşallah, növbəti oyunlara hazırlaşacağıq.

- Yığmamızın kapitanı Rəşad Sadıqovun yeri çoxmu görünürdü?
- Əlbəttə. Onun meydanda kapitan, lider kimi yeri görünürdü.

- Çernoqoriyalıların vurduğu qolları necə dəyərləndirərdiniz? Xüsusilə ilk qol çox gözəl alındı...
- Düzdür, birinci qol baxımlı alındı, çox gözəl idi. Ancaq bu da öz səhvimizin nəticəsi idi. Çünki rəqib futbolçu ilə ara məsafəsi çox böyük idi. O da topu rahat qəbul etdi, düzəltdi və qapıya vurdu. Futboldur, belə imkanlar olur, qol vururlar. Bu, normaldır.

- Artıq ikinci oyundur yığmada, yəni uğurlu alınan Türkiyə ilə görüşdə olduğu kimi, dayaq yarımmüdafiəçisi kimi oynadınız. Bu dəfə özünüzü həmin mövqedə necə hiss etdiniz?
- Deməzdim ki, dayaq yarımmüdafiəçisi kimi lap super oynadım. Əlimdən gələnin ən yaxşısını etməyi bacarırdım. Düzdür, komandamız hamılıqla buna çalışdı. Ancaq mən heç vaxt öz oyunumdan razı qalmıram. Bunun hansı mövqedə oynamağımın bağlılığı yoxdur. Baş məşqçimiz Berti Foqts oyundan sonra dedi ki, hər şey normaldır.

- Hesab etmirsiniz ki, müdafiənin mərkəzi sizin üçün daha doğmadır? Hər halda, “Neftçi”də daim bu mövqedə oynayırsınız...
- Düzdür, klubda bir, yığmada başqa mövqedə oynamaq müəyyən çətinlik yaradır. Əlbəttə, öz mövqeyimdə oynamaq daha rahatdır. Ancaq baş məşqçi belə məsləhət bilmişdi ki, dayaq yarımmüdafiəçisi mövqeyində oynayım.

- Foqts oyundan sonra dedi ki, Rahid Əmirquliyevlə dayaq yarımmüdafiəçisi kimi birgə oyununuz yaxşı alınır və gələcəkdə bunun üzərində daha çox çalışacaqdır. Gələcəkdə yığmada daim bu mövqedə, klubunda mərkəz müdafiəçisi oynamaq sizə problem yaratmayacaq?
- Heç bir problem yoxdur. Çünki əvvəllər, son müdafiəçi oynamamışdan qabaq dayaq yarımmüdafiəçisi oynamışam. Əlbəttə, müəyyən vaxtdan sonra bu mövqedə oynamaq çətindir. Ancaq yəqin ki, oynadıqca daha da artıraram.

- Foqts oyundan sonra mətbuat konfransında bildirdi ki, Ruslan Abışov ölkəmizdə ən yaxşı ötürmə verən çox az futbolçulardan biridir. Ona görə onu dayaq yarımmüdafiəçisi kimi oynadıram ki, yaxşı ötürmələri ilə hücumu başlasın...
- Nə deyim? Baş məşqçinin haqqımda belə deməyi qürurvericidir. Ancaq indiki vəziyyətimlə razılaşmaq istəmirəm. Üzərimdə çox işləyib, daha güclü klublarda oynamaq istəyirəm. Çünki Azərbaycan futbolu ilə beynəlxalq futbolun səviyyəsi eyni deyil. Bu da tək mənə yox, bütün futbolçulara öz mənfi təsirini göstərir.

- Yəni “Neftçi”də, lider komandada oynamaq sizi qane etmir?
- Azərbaycanda “Neftçi” kimi klubda oynamaq mənim üçün şərəfdir. Bu, mənim arzuladığım klubdur. Ancaq yaxşı futbolçu olmaq istəyirəm. Bunun üçün ən azından Azərbaycan çempionatından getməlisən. Çünki o səviyyə ilə beynəlxalq futbolun səviyyəsi uyğun gəlmir. Bu fərq də ən çox səfər oyunlarında bilinir. Millimizin səviyyəsini artırmaq istəyiriksə, legioner həyatı yaşamalıyıq.

Mehman SÜLEYMANOV