Elnur Allahverdiyev: “Muğan”la oyunumuz yenə çətin olacaq
19.11.2010 - 00:12
Elnur Allahverdiyev: “Muğan”la oyunumuz yenə çətin olacaq
“Çernoqoriya yığması ilə oyunun birinci hissəsində yaxşı oynadıq. Ümumiyyətlə, 75 dəqiqə ərzində pis təsir bağışlamadıq”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının müdafiəçisi Elnur Allahverdiyev deyib.
Çernoqoriya yığmasına səfərdə 0:2 hesabı ilə uduzan millimiz fasiləyə qədər rəqibindən geri qalmayıb. Hətta yığmamız qol vurmağa da yaxın olub. Ancaq ikinci hissədə rəqib üstünlüyü ələ keçirdi və qələbə qazandı. Elnur xüsusilə də birinci qoldan sonra ruhdan düşdüklərini deyib: “Uzaq məsafədən vurulan qoldan sonra ruhdan düşdük. Ancaq heç-heçəlik oyun idi. İdman xoşbəxtliyi bizdən üz döndərmişdi”.
Allahverdiyev daha sonra həftəsonu “Xəzər Lənkəran”ın “Muğan”la keçirəcəyi oyunla bağlı fikirlərini açıqlayıb. Çətin oyun olacağını deyən müdafiəçi ilk dövrədəki aqibəti yaşamaq istəmədiklərini bildirib: “Birinci dövrədə heç-heçə oynadıq. Bu dəfə də çətin olacağını düşünürəm. Ciddi hazırlaşırıq. Qələbə qazanmaqdan başqa yolumuz yoxdur”.
Elnur turnir cədvəlinin aşağı pillələrində məskunlaşan komandalara qarşı motivasiyanın istənilən dərəcədə olmadığını arxayınçılıqla əlaqələndirib: “Bəli, aşağı pillələrdə qərarlaşan komandalara qarşı oynamaqda çətinlik çəkirik. Ola bilsin, bu da arxayınçılıqdan irəli gəlsin”.