Cavid Hüseynov: “Qəbələ” iddialı klublardan xal qoparmağı sevir
19.11.2010 - 00:43
Cavid Hüseynov: “Qəbələ” iddialı klublardan xal qoparmağı sevir
“Qəbələ” artıq öz oyununu tapıb. Bu komanda iddialı klublardan xal qoparmağı sevir”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun futbolçusu Cavid Hüseynov deyib. Son oyunda “Muğan”ı məğlub edən bakılılar noyabrın 24-də qəbul edəcəkləri “Qəbələ”ni də xalsız qoymaq istəyir. Ancaq Toni Adamsın yetirmələri ikinci dövrədə iddialılara aman vermir. Belə ki, “Qəbələ” doğma meydanda “Xəzər Lənkəran”ı məğlub etməklə yanaşı, paytaxtda “İnter”lə qolsuz heç-heçə edib. İndi ingilis mütəxəssis öz gücünü ölkənin ən köklü klubuna göstərmək istəyir. Elə buna görə də Hüseynov oyunun çətin keçəcəyini düşünür: “Çox çətin oyun olacaq. Biz zirvədə qərarlaşmışıq və yerimizi qorumaq istəyirik. Bunun üçün “Qəbələ”ni mütləq məğlub etməliyik”.
Heyətdəki zədəli futbolçular haqda da danışan yarımmüdafiəçi onların yoxluğunun ciddi şəkildə hiss edilməyəcəyini bildirib: “Düşünmürəm ki, onların yoxluğu elə də bilinəcək. Bu gün “Neftçi”də bir-birini əvəzləyəcək yetərincə futbolçu var”.