Azərbaycan yığmasının III dönəmi
19.11.2010 - 11:55
Azərbaycan yığmasının III dönəmi
Azərbaycan millisi 2010-cu ili məğlubiyyətlə başa vurdu. Apasport.az saytının araşdırmalarına görə, Podqoritsadakı üzüntü və ümumiyyətlə, bitməkdə olan il əvvəlkilərdən xeyli fərqləndi.

Hər halda, komandamız əvvəlki illərdən fərqli, hansısa Asiya komandası ilə deyil, dünyanın 26-cı komandasıyla yoldaşlıq oyununda qüvvəsini sınadı. FİFA reytinqində üçüncü “onluq”da qərarlaşan Çernoqoriya millisinin bizimlə oynamağa razılıq verməsi də, artıq avropalıların Azərbaycan yığmasına yuxarıdan aşağı baxmamağından xəbər verir. Özü də “cəsur şahinlər”lə razılıq son anda - Malta seçmə oyununu noyabrın 17-də keçirdiyinə görə bizimlə görüşünü təxirə salmağı xahiş etdikdən sonra mümkün oldu. Hərçənd, yoxlama oyunu üçün qapılar gəzib rəqib axtardığımız vaxtlar elə də uzaqda deyil. İndi isə...

Əslində, hər şeyə ardıcıllıqla yanaşmaq lazımdır. İlk növbədə futbolumuzun müstəqillik illərinə nəzər saldıqda, 1992-2010-cu illər aralığını 3 dövrə bölmək olar.

AFFA-ya Fuad Musayevin rəhbərlik etdiyi 1992-2003-cü illəri “inkişaf axtarışında” kimi qələmə vermək olar. Lakin təəssüf ki, həmin axtarışlar nəticəsiz qalırdı. İnkişaf naminə bir sıra tədbirlər həyata keçirilsə belə, bunların heç biri fayda vermirdi. Amma 2004-cü ildə Azərbaycan futbolunda yeni dövr başladı. Ramiz Mirzəyevin assosiasiyaya prezident seçilməsi ilə yeni klublar yarandı, futbola baxışlar dəyişdi. Ölkədə futbolun inkişafı üçün daha böyük işlər görüldü. Lakin bu da cüzi inkişafdan başqa heç nə vermədi.

2008-ci ilin martında AFFA-ya III prezident seçilən Rövnəq Abdullayev ilk addım kimi məşhur Berti Foqtsu yığmanın baş məşqçisi postuna gətirdi. Almaniyalı mütəxəssisin təklif etdiyi kompleks tədbirlərə də dəstək verən AFFA ən böyük uğuruna nail oldu. Təbii ki, söhbət nəticələrdən getmir.

Məsələ ondadır ki, artıq bizi Avropa və dünyada da sayırlar. Artıq rəqib axtarmaq üçün qapılar gəzmir, dünya reytinqinin ikinci “yüzlüy”ündə olanlara elçi düşmürük. Qoy, belə komandalar dalımızca sürünsün, biz isə ilk “əllilik”də qərarlaşanlarla oynayırıq.

Bu 3 dövrü müqayisə edərkən, yoldaşlıq görüşləri ilə bağlı 2 məqam diqqət çəkir. Söhbət yoxlama xarakterli matçlar və aşağı səviyyəli mini-turnirlərdə keçirilən qarşılaşmalardan gedir. Ümumilikdə, 90 belə görüşə çıxan yığmamız həm oyunların sayında, həm də rəqiblərin səviyyəsində 3 müxtəlif dönəmi fərqli keçirib. İlk növbədə oyun sayına nəzər salaq.

I dövrdəki 11 il 8 ay ərzində yığmamız vur-tut 47 matçda qüvvəsini sınayıb. Bu isə o deməkdir ki, komanda hər il orta hesabla 4,03 yoldaşlıq oyuna çıxıb.

II dövrdəki 3 il 2 ay müddətində, yəni 3,7 dəfə qısa müddətə komandamız 2 dəfə az qarşılaşmada qüvvəsini sınayıb. Həmin müddətdə yığmamız hər il 7,26 yoxlama görüşünə çıxıb.

Əslində, daha qısa 2 il 9 ayı əhatə edən sön dövrdə də təxminən eyni göstərici qeydə alınıb. Millimiz ildə təxminən 7,27 yoldaşlıq görüşü keçirib.

I dövrlə sonrakılar arasındakı 1,8 qatlıq fərqin izahı isə eynidir. Artıq yığmamızla üz-üzə gəlmək istəyən komandaların sayı artıb. Heç kim bizimlə oynamaqdan imtina etmir. Bu isə son 6-7 ildə müşayiət olunur.

Bu 3 dövrü fərqləndirən daha bir məqam isə rəqib seçimi ilə bağlıdır. Qarşılaşdığımız komandanın gücünü müəyyənləşdirmək üçün FİFA reytinqi var. Həmin komandanın bizimlə oynadığı vaxt neçənci pillədə olmasına nəzər salsaq, bir çox mətləblərə aydınlıq gələr.

Bu reytinq ilk dəfə 1993-cü ilin avqustunda açıqlandığı üçün ilk 5 oyunumuz, həmçinin İran və Kiprin gənclər yığmalarının reytinqi olmayıb. Əslində, sonuncu 2 komanda ilə görüşməyimiz də rəqib tapmamaqdan irəli gəlirdi. Təsəvvür edin ki, I dövrdə millimiz müxtəlif ölkələrin ortabab və hətta aşağı dəstə komandaları ilə görüşməli olurdu. Çünki yığmalar tanımadığı və zəif millimizlə görüşməkdə həvəsli deyildi. Həmin 1992-2003-cü illərdəki 47 yoxlama oyunundan 7-də rəqibimizin reytinqi olmayıb.

Digər 40 oyuna gəlincə, ən güclü rəqibimiz dünyada 26-cı olub – Səudiyyə Ərəbistanı. Ümumilikdə, 6 dəfə ilk “əllilik”, 21 dəfə ikinci “əllilik” komandaları ilə üzləşən millimiz 12 dəfə ikinci “yüzlük”dəki yığmalarla qarşılaşıb. Özü də rəqiblər çox vaxt eyni olub. Gürcüstan, Türkmənistan, Özbəkistan, Latviya, Estoniya ilə oynamaqdan futbolçular da bezmişdi, azarkeşlər də. Bu matçlar isə keçmiş SSRİ vaxtındakı köhnə əlaqələr sayəsində mümkün olurdu. Başqa komandalar üçün isə Azərbaycan millisi sanki yox idi. Bu 40 matçdakı rəqiblərimizin FİFA reytinqindəki orta mövqeyi isə 90,6, bir sözlə, 91-ci yer olub.

II dövrdə isə rəqiblər dəyişmiş və güclənmişdi. Artıq rekord dünya 26-cısı deyildi. İlk “iyirmilik”də qərarlaşan 4 komanda ilə qarşılaşan yığmamız ən yaxşı halda, planetin 11-ci millisi olan Türkiyə ilə də üz-üzə gəldi. Həmin matçda qonaqlar ikinci heyətlə çıxış etsə belə, FİFA reytinqinin 11-cisinin Bakıya gəlməsi böyük hadisə idi. 23 matçdan 8-də ilk “əllilik”, 6-da ikinci “əllilik”, 9 dəfə isə ikinci “yüzlük”dən olanlarla görüşmüşdük. Həmin dövrdəki rəqiblərimizin FİFA reytinqindəki orta yeri isə 74,9, bir sözlə 75-ci, yəni əvvəlkindən 16 pillə yuxarı idi.

Son 3 ildə isə əvvəllər yuxularımıza belə girməyən hadisə yaşandı. FİFA reytinqinin birincisi, Avropa çempionu və gələcək dünya çempionu İspaniya ilə, özü də Bakıda qarşılaşdıq. Daha 5 dəfə ilk “əllilik”də qərarlaşan rəqiblərlə oynayan yığmamız əsasən ikinci “əlliliy”i hədəfləmişdi. Belələri ilə 10 dəfə görüşən millimiz yalnız 4 dəfə ikinci “yüzlük”dən olan zəiflərlə münasibətlərini ayırd etdi.

Bu 20 görüşdəki rəqiblərimizin FİFA reytinqindəki orta yeri isə 72,4 olub, yəni 72-ci yerdə olan yığmalarla oynamışıq. Bu isə əvvəlki dövrlə müqayisədə 3 pilləlik irəliləyişdir.

AFFA-da I dönəm – 11 il 8 ay – 47 oyun – rəqiblərin reytinqdəki orta yeri: 91

1992
17 sentyabr. Gürcaani. YO. Gürcüstan – Azərbaycan 6:3 (-)

1993
25 may. Gəncə. YO. Azərbaycan – Gürcüstan 1:0 (-)
6 iyun. Tehran. BT. Azərbaycan – Tacikistan 2:0 (-)
7 iyun. Tehran. BT. Azərbaycan – Qırğızıstan 3:2 (-)
8 iyun. Tehran. BT. Azərbaycan – Qazaxıstan (U-21) 3:3 (-)

1994
19 aprel. Ta Qali. YO. Malta – Azərbaycan 5:0 (80)
2 sentyabr. Kişinyov. YO. Moldova – Azərbaycan 2:1 (149)

1995
15 fevral. Larnaka. YO. Estoniya – Azərbaycan 0:0 (119)
20 fevral. Nikosiya. YO. Kipr (U-21) – Azərbaycan 0:2 (-)
27 fevral. Larnaka. YO. Azərbaycan – Farer adaları 3:0 (136)

1996
9 aprel. Bakı. YO. Azərbaycan – Türkiyə 0:1 (31)
27 may. Molodeçno. YO. Belarus – Azərbaycan 2:2 (88)
7 oktyabr. Maskat. YO. Oman – Azərbaycan 2:0 (82)

1997
1 mart. Larnaka. YO. Azərbaycan – Estoniya 0:2 (104)
22 mart. Bakı. YO. Azərbaycan – Türkmənistan 3:0 (142)
25 aprel. Aşqabad. YO. Türkmənistan – Azərbaycan 2:0 (150)
4 iyun. Vilyandi. YO. Estoniya – Azərbaycan 1:0 (101)
19 avqust. Riqa. YO. Latviya – Azərbaycan 0:0 (75)

1998
22 mart. Bakı. YO. Azərbaycan – Moldova 1:0 (135)
24 aprel. Bakı. YO. Azərbaycan – Özbəkistan 2:1 (79)
16 may. Vilyandi. BT. Estoniya – Azərbaycan 0:0 (103)
24 iyun. Tallin. BT. Andorra – Azərbaycan 0:0 (185)
26 iyun. Vilyandi. BT. Litva – Azərbaycan 1:2 (45)
12 avqust. Gəncə. YO. Azərbaycan – Gürcüstan 1:0 (44)
28 noyabr. Gəncə. YO. Azərbaycan – Estoniya 2:1 (86)

1999
6 mart. Larnaka. YO. Azərbaycan – Estoniya 2:2 (93)
18 avqust. Səmərqənd. YO. Özbəkistan – Azərbaycan 5:1 (84)

2000
6 fevral. Ta’Qali. BT. Malta – Azərbaycan 3:0 (116)
8 fevral. Ta’Qali. BT. Albaniya – Azərbaycan 1:0 (83)
10 fevral. La-Valleta. BT. Andorra – Azərbaycan 0:0 (146)
4 iyun. Bakı. YO. Azərbaycan – Gürcüstan 0:0 (64)
26 iyul. Varna. YO. Bolqarıstan – Azərbaycan 2:1 (47)
27 iyul. Varna. YO. Makedoniya – Azərbaycan 2:1 (83)

2001
15 fevral. Albena. YO. Özbəkistan – Azərbaycan 2:1 (74)
26 fevral. Albena. YO. Belarus – Azərbaycan 0:1 (97)
9 may. Kutaisi. YO. Gürcüstan – Azərbaycan 1:0 (68)

2002
20 fevral. Sofiya. YO. Bolqarıstan – Azərbaycan 3:0 (52)
27 mart. Tirana. YO. Albaniya – Azərbaycan 1:0 (96)
17 aprel. Ta Qali. YO. Malta – Azərbaycan 1:0 (122)
3 iyul. Kuressaare. YO. Estoniya – Azərbaycan 0:0 (85)
6 iyul. Riqa. YO. Latviya – Azərbaycan 0:0 (96)
8 avqust. Təbriz. YO. İran (U-23) – Azərbaycan 2:2 (-)
10 avqust. Təbriz. YO. İran – Azərbaycan 1:1 (33)
21 avqust. Bakı. YO. Azərbaycan – Özbəkistan 2:0 (73)

2003
14 dekabr. Dubay. YO. BƏƏ – Azərbaycan 3:3 (90)
17 dekabr. Maskat. YO. Oman – Azərbaycan 1:0 (62)
20 dekabr. Ər- Riyad. YO. Səudiyyə Ərəbistanı – Azərbaycan 1:0 (26)


AFFA-da II dönəm – 3 il 2 ay - 23 oyun – rəqiblərin reytinqdəki orta yeri: 75

2004
18 fevral. Ramat – Qann. YO. İsrail – Azərbaycan 6:0 (53)
31 mart. Kişinyov. YO. Moldova – Azərbaycan 2:1 (109)
28 aprel. Almatı. YO. Qazaxıstan – Azərbaycan 2:3 (136)
28 may. Bakı. YO. Azərbaycan – Özbəkistan 3:1 (77)
6 iyun. Riqa. YO. Latviya – Azərbaycan 2:2 (52)
18 avqust. Əmman. YO. İordaniya – Azərbaycan 1:1 (37)
17 noyabr. Bakı. YO. Azərbaycan – Bolqarıstan 0:0 (37)

2005
21 yanvar. YO. Trinidad və Tobaqo – Azərbaycan 1:0 (61)
23 yanvar. YO. Trinidad və Tobaqo – Azərbaycan 2:0 (61)
9 fevral. Bakı. YO. Azərbaycan – Moldova 0:0 (116)
29 may. Tehran. YO. İran – Azərbaycan 2:1 (18)
17 avqust. Tirana. YO. Albaniya – Azərbaycan 2:1 (87)

2006
28 fevral. Bakı. YO. Azərbaycan – Ukrayna 0:0 (15)
12 aprel. Bakı. YO. Azərbaycan – Türkiyə 1:1 (11)
18 may. Kişinyov. YO. Moldova – Azərbaycan 0:0 (104)
15 avqust. Kiyev. YO. Ukrayna – Azərbaycan 6:0 (15)

2007
7 fevral. Karşi. YO. Özbəkistan – Azərbaycan 0:0 (45)
7 mart. Çimkənd. BT. Özbəkistan – Azərbaycan 0:1 (50)
9 mart. Çimkənd. BT. Qazaxıstan – Azərbaycan 1:0 (145)
11 mart. Çimkənd. BT. Azərbaycan – Qırğızıstan 1:0 (139)
22 avqust. Düşənbə. YO. Tacikistan – Azərbaycan 2:3 (145)
12 sentyabr. Bakı. YO. Azərbaycan – Gürcüstan 1:1 (102)

2008
3 fevral. Antalya. YO. Azərbaycan – Qazaxıstan 0:0 (108)


AFFA-da III dönəm – 2 il 9 ay - 20 oyun – rəqiblərin reytinqdəki orta yeri: 72

2008
26 mart. Vilnüs. YO. Litva - Azərbaycan 1:0 (55)
1 iyun. Zenitsa. YO. Bosniya və Herseqovina - Azərbaycan 1:0 (62)
4 iyun. Andorra-la-Vella. YO. Andorra - Azərbaycan 1:2 (184)
20 avqust. Reykyavik. YO. İslandiya - Azərbaycan 1:1 (97)
27 avqust. Tehran. YO. Iran - Azəbaycan 1:0 (45)
15 oktyabr. Manama. YO. Bəhreyn - Azərbaycan 1:2 (72)
19 noyabr. Bakı. YO. Azərbaycan - Albaniya 1:1 (86)

2009
1 fevral. Dubay. YO. Azərbaycan - Özbəkistan 1:1 (69)
11 fevral. Əl-Küveyt. YO. Küveyt - Azərbaycan 1:1 (125)
2 iyun. YO. Kayseri. Türkiyə - Azərbaycan 2:0 (14)
9 iyun. YO. Bakı. Azərbaycan - İspaniya 0:6 (1)
15 noyabr. BT. Əl-Ayn. Azərbaycan - İraq 0:1 (88)
18 noyabr. BT. Əl-Ayn. Azərbaycan - Çexiya 2:0 (23)

2010
25 fevral. YO. Əmman. İordaniya - Azərbaycan 0:2 (106)
3 mart. YO. Lüksemburq. Lüksemburq - Azərbaycan 1:2 (126)
26 may. YO. Seekirchen. Moldova - Azərbaycan 1:1 (89)
29 may. YO. Bischofshofen. Makedoniya - Azərbaycan 3:1 (61)
2 iyun. YO. Zell am See. Honduras - Azərbaycan 0:0 (38)
11 avqust. YO. Bakı. Azərbaycan - Küveyt 1:1 (85)
17 noyabr. YO. Podqoritsa. Çernoqoriya - Azərbaycan 2:0 (26)

Qeyd: mötərizədə rəqiblərin bizimlə oynadığı vaxt FİFA reytinqində tutduğu yer göstərilib.

Vüqar XEYRULLAYEV