Mahir Şükürov “Volqa”ya keçə bilər
20.11.2010 - 00:01
Mahir Şükürov “Volqa”ya keçə bilər
Azərbaycan yığmasının futbolçusu Mahir Şükürov yenidən Omari Tetradzenin rəhbərliyi altında oynaya bilər. Apasport.az saytının məlumatına görə, ardıcıl ikinci mövsüm Rusiya Premyer Liqasına komanda çıxaran gürcü çalışdırıcı “Anji” klubunun ardınca bu uğura Nijni-Novqorod “Volqa”sı ilə də nail oldu.

Tetradze ona yaxşı tanış olan Şükürovun yenidən xidmətində maraqlı ola bilər. Hər halda, futbolçumuzun ötən qış Bakının “İnter” klubundan “Anji”yə keçidinə məhz bu mütəxəssis təşəbbüskar olmuşdu. Ancaq Mahirə Mahaçqala klubunda Tetradzenin rəhbərliyi altında cəmi bir oyunda oynamaq nəsib oldu. Gürcü çalışdırıcı ilk turdan sonra “Anji”nin baş məşqçi postundan öz istəyi ilə istefa verdi və az sonra “Volqa”nın sükanı arxasına keçdi. O, komandanı mövsümün gedişində qəbul etməsinə baxmayaraq, 2-ci yerə çıxardı. Tetradze bundan əvvəl “Anji”ni I divizionun çempionu kimi Premyer Liqaya yüksəltdi.

Mahirin “Anji”də işlərinin yaxşı getməməyi məlumdur və o, məşqçisi Andrey Qusinlə probleminin olduğunu elə saytımıza müsahibəsində açıq şəkildə bildirib. Variantların olduğunu, vətənə qayıtmağı düşünmədiyini deyən yığmamızın 28 yaşlı futbolçusunun qış fasiləsində klubunu dəyişəcəyi realdır. “Volqa” Premyer Liqasına çıxması Şükürovun bu baxımdan işinə yarayır. Aydın məsələdir ki, Tetradze Premyer Liqada qalmaq üçün komandanı daha da gücləndirməlidir və yenidən Mahirlə birgə işləyə bilər.