“Avropada futbolçuya verilən pulu istəmirəm”
19.11.2010 - 17:59
“Avropada futbolçuya verilən pulu istəmirəm”
“Xəzər Lənkəran” klubunun kapitanı, Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin apasport.az saytına müsahibəsi

- Çernoqoriya yığmasına uduzduğumuz yoldaşlıq görüşü bizə nə qazandırdı?
- Ümumiyyətlə, belə oyunlar bizə çox şey qazandırır. Futbolçuların potensialı, komandada hansı çatışmazlığın olduğu görünür. Milli komandaya belə qarşılaşmalar çox lazımdır. Oyuna gəlincə, hava şəraiti, yorğunluq öz təsirini göstərdi. Yoxlama matçı olsa belə, nəticə istəyirdik. Ancaq qazana bilmədik. Niyə? Çünki qol vurmaq problemimiz var. Ancaq müdafiə olunmaqla iş bitmir. Gözləyirik ki, ya rəqib səhv etsin, ya da standart vəziyyətdən qol vuraq. Qolu hazırlamaq qabiliyyətimizdə bir az çatışmazlıq mövcuddur. İnşallah, gələcəkdə bunlar da düzələr.

- Azərbaycanda dağıdıcı futbol daha yaxşı alınır, nəinki yaradıcı. Qol vurmaq üçün hücum etmək, dəqiq ötürmə vermək, bir neçə rəqibi keçmək lazımdır. Niyə bunlar bizdə alınmır?
- Sizinlə razıyam. Biz güc futboluna daha çox üstünlük veririk.

- Bu, baş məşqçinin tapşırığı ilə əlaqədardır?
- Yox. Əsas odur ki, insanın özünəinamı olsun. Baş məşqçi heyəti müəyyənləşdirir və futbolçulara tapşırıq verir ki, sən bu işi görməlisən. Futbolçunun “qabında” nə var, onu meydanda qoymalıdır. Bu da bizim bacardığımızdır. “Artırmaq” üçün belə qarşılaşmalar lazımdır ki, yavaş-yavaş oynayıb, o səviyyəyə çataq.

- Bəlkə əsas problem çempionatımızın səviyyəsi ilə bağlıdır?
- Mən şəxsən özümdən götürürəm. Klubumda qazancım mənim üçün əladır. Ancaq bu o demək deyil ki, pulu futbolçuya verirsən və bununla Azərbaycan futbolu yüksəlir. Xeyr. Pulu Azərbaycan səviyyəsində verirsən, seçilir. Ancaq Avropa səviyyəsində o pul bizə gərək deyil. Bizdə minlərdən, Avropada isə milyonlardan söhbət gedir. Azərbaycan səviyyəsində puldan razıyam. Ancaq bir istəyim var ki, Avropadakı şəraiti bizim üçün də yaratsınlar, başqa heç nə. Avropada futbolçuya verilən pulu istəmirəm. Milli məşq etməyə stadion tapmır. Bu, acınacaqlı haldır.

- Yəni, yığma Çernoqoriya ilə oyuna Zabrat qəsəbə stadionunda hazırlaşmalı deyildi...
- Əlbəttə. Deyirlər ki, bu yoxlama oyunu idi. Statistikada yazılır ki, Azərbaycan beynəlxalq yoldaşlıq görüşündə Çernoqoriyaya uduzdu. Niyə uduzmalıdır ki?

- Bəs futbolçu pis qazondan sonra yaxşı meydançada özünü necə hiss edir?
- Futbolçu üçün ən vacib olan məşqdir. Ümumiyyətlə, idmançıya əsas iki şey lazımdır: dincəlmək və qidalanma. Qidalanmaya stadion da aiddir. Bunlar böyük faktorlardır. Mən bilən, belə stadiona çıxan futbolçu ancaq sevinər.

- Qidalanma, istirahətdə probleminiz var?
- Milli komandanın bazası olmalıdır və buna da şükür. Mən indiki vəziyyətimizə şükür edirəm. Qidalanmamız gözəldir.

- Yəni, infrastruktura, şəraiti yaxşılaşdırmağa diqqət yetirmək lazımdır...
- Milyonlar xərcləyib futbolçu gətirməkdənsə, infrastruktura yaratmaq lazımdır. 1 milyonluq futbolçunu aramızda yetişdirib, çıxartmaq lazımdır, bizə gətirmək yox.

- Çernoqoriyalılardan buraxdığınız qollar haqda nə deyə bilərsiniz?
- Qapıdan top keçirsə, bu, qapıçının səhvidir. Qapıçını “çərçivə”yə qoyublar ki, topu tutsun.

- Amma qapımıza vurulan ilk qol çox gözəl alındı...
- Dəxli yoxdur. Qolun çirkini olmur, hamısı gözəldir. Mən belə fikirləşirəm. Qapıçını qapıya topu tutmaq üçün qoyurlar. Tuta bilmirsə, elə oyunçunu qoysunlar da.

- Əvəzləyiciniz Fərhad Vəliyevə şans veriləcəyini gözləyirdinizmi? Hər halda, yoldaşlıq görüşləri bütün futbolçuları sınamaq üçündür. Ancaq sonadək qapıda siz dayandınız və şansını gözləyən Fərhad isə ehtiyatda qaldı...
- Mən belə şeylərə qarışmıram. Ancaq onu bilirəm ki, Fərhad yaxşı qapıçıdır, ona da şans vermək olar.

- Gələcək karyeranız haqda nə deyə bilərsiniz? “Xəzər Lənkəran”dan xarici kluba keçmək haqda düşünürsünüz?
- Bu, şəxsi problemimdir. Şəxsi söhbətlərdən danışmayaq.

- Başqa təklifləriniz varmı?
- Hazırda “Xəzər Lənkəran”ın futbolçusuyam və başqa heç nə danışmaq istəmirəm.

Mehman SÜLEYMANOV