“Bu gün maraqlı və baxımlı oyun olacaq” - FOTO
20.11.2010 - 00:03
“Bu gün maraqlı və baxımlı oyun olacaq” - FOTO
“İnanıram ki, bu gün maraqlı və baxımlı oyun olacaq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Turan” klubunun baş məşqçisi Revaz Dzodzuaşvili deyib.

Unibank Premyer Liqasının son 3 turunda məğlubiyyət nə olduğunu bilməyən “Turan” bu gün çempion “İnter”lə qarşılaşacaq. Matçın hazırlığını Tovuzda həyata keçirən əyalət klubu oyun öncəsi son məşqini “Şəfa”da reallaşdırıb. Rəqibin yaxşı futbolçulardan təşkil edildiyini deyən gürcü mütəxəssis istənilən halda, xal qazanmağa çalışacaqlarını bildirib: “İnter” texniki cəhətdən yaxşı komandadır. Heyətində usta futbolçular var. Ancaq biz Bakıya uduzmağa gəlməmişik. Komandaların şanslarını 50-nin 50-yə dəyərləndirirəm”.

Ev oyunlarını təbii örtüklü meydançada keçirən “Turan” üçün “Şəfa” stadionu problem yaratmayacaq. Əksinə, qərb təmsilçisinin çalışdırıcısı bunu üstünlük hesab edir: “Meydan problemimiz olmayacaq. Çünki “Şəfa” süni örtüklü olsa da, ideal vəziyyətdədir”.