“Bunu hələ də özümə bağışlaya bilmirəm” - MÜSAHİBƏ
20.11.2010 - 16:25
“Bunu hələ də özümə bağışlaya bilmirəm” - MÜSAHİBƏ
Azərbaycan milli komandasının və “Qarabağ” klubunun futbolçusu Elvin Məmmədovun apasport.az saytına müsahibəsi

- Çernoqoriya yığması ilə yoldaşlıq görüşünün artıq fasiləsində əvəzlənməyinizi gözləyirdinizmi?
- Yox. Ancaq ilk hissədən sarı vərəqəm var idi. Baş məşqçimiz Berti Foqts da qırmızı vərəqə almağımın mümkünlüyünü nəzərə alaraq, bunun baş verməsini istəmədi və məni dəyişdi. O, bunu diqqətimə çatdırdı. Mən də baş məşqçimizin qərarını normal qarşıladım.

- Sarı vərəqə aldığınız epizod haqda nə deyə bilərsiniz?
- Hələ də bunu özümə bağışlaya bilmirəm. Həmin epizodda zərbə vura bilərdim, ancaq ötürmə verməyi qərara aldım. Bu zaman topu ələ keçirən rəqib kəskin əks hücuma gedirdi. Mən də onun qarşısına almaqla, taktiki qayda pozuntusu etdi. Baş məşqçimiz bunu qeyd edərək, məndə çox günah görmədi. Həmin qayda pozuntusu etməsəydim, başqa cürə də ola bilərdi. Orada qayda pozuntusundan başqa variant yox idi.

- Baş hakim yoldaşlıq görüşünü nəzərə alıb, sizə sarı vərəqə verməyə də bilərdi. Onu sizi cəzalandırmağını haqlı sayırsınız?
- Həmin vaxt rəqibə qarşı ilk toxunuşum idi. Bunu baş hakimə də dedim. Ancaq neyləyək, o, bunu başa düşmədi və mənə sarı vərəqə göstərdi. Bəzən hakimlərdə belə vəziyyətlərdə haqsızlıq edirlər.

- Podqoritsadakı oyun qabağı məşqi izləyəndə bizdə əsas heyətdə yer almayacağınız təəssüratı yaranmışdı. Çünki ikitərəfli oyunda sona kimi ikinci heyətdə yer aldınız. Ancaq Foqts sizi oyunda start heyətində yer verdi...
- Düzdür, həqiqətən də əsas heyətlə məşq etmirdim. Ancaq baş məşqçi mənə şans verdi. Mən bunu maksimum dəyərləndirə, tam istədiyim kimi oynaya bilmədim. Ancaq bacardığımı qədər oynamağa çalışdım.

- Çernoqoriya ilə oyunun ikinci hissəsi ilə müqayisədə ilk hissədə daha yaxşı oynamağımızda sizin da rolunuz var. Çünki yaradıcı futbolçu kimi hücumların təşkilində fəal iştirak edirdiniz. Ancaq siz əvəzlənəndən sonra orta sahədə yaradıcılıq baxımından boşluq yarandı. Bu, kənardan necə görünürdü?
- Biz ilk hissədə top saxlayırdıq. Onların heç qol imkanları olmadı. Yalnız fasiləyə az qalmış bir zərbələri oldu ki, Kamran Ağayev buna reaksiya verdi. Qapıçımız topu tuta bilərdi. İlk hissədə normal oynadıq, mənim də imkanım var idi. Vüqar Nadirov da qol vura bilərdi. Ancaq ikinci hissəyə tam yaxşı başlaya bilmədik və ardından buraxdığımız qol mənfi təsirini göstərdi. 60 dəqiqə yaxşı oynadıq və qoldan sonra oyunumuz alınmadı.

- Yığmada son vaxtlar əsas heyətdə az halda meydana çıxırsınız. Türkiyəyə qalib gəldiyimiz rəsmi oyunda ümumiyyətlə, meydana çıxmadınız. Bunu nə ilə əlaqələndirirsiniz? Bir ara klubda əsas heyətdə yerinizi itirməyinizlə bağlıdır, yoxsa?
- Düzdür, Foqts məni milliyə gətirən baş məşqçi yaxşı tanıyır. “Qarabağ”da oynamamağının səbəbi var idi. Ancaq şükür Allaha, indi oynayıram. 4-5 oyundur klubumda heyətdə yer aldığımdan baş məşqçi mənə şans verir. Doğrudur, Foqts bəzən mənə klubda oynamaya-oynamaya şans verirdi. Misal üçün Avstriya ilə səfər oyununda məni 60-65 dəqiqə oynatdı. Sağ olsun ki, bizim kimi gənc oyunçuları həvəsdən düşməyə qoymur, özümüzü göstərməyə imkan yaradır. Mən daim oynamamağımı özümlə bağlayıram. Kim yaxşı futbolçunu heyətə qoymaz? İnşallah, yavaş-yavaş formaya düşürəm.

- Klubunda oynamamağınızın səbəbini olduğunu dediniz. Bu, nə ilə bağlıdır?
- Səbəb özümlə bağlıdır. Yəqin ki, məşqlərdən maksimum işləmədiyimdən, məni heyətə qoymurlar.

- Sonradan nə dəyişdi ki, hər şey əvvəlki qaydasına düşdü?
- İndi öz üzərimdə daha çox işləyirəm.

- Əgər səmimi olsanız, gənc futbolçularda tənbəllik varmı?
- Var. Düzdür, indi daha çox işləməliyik. Biz Azərbaycan futboluna baxanda həmişə birtərəfli fikirləşirik. Razıyam, işləmək lazımdır, ancaq baza, şərait, meydança baxımından problemlərimiz var. Adicə Çernoqoriyanı götürək. Baxın bizdən nə qədər, qat-qat aşağıdırlar, ancaq meydançalarını görün. Elə məşq meydançaları var ki...Üç-dördü yan-yanadır, necə səviyyəli düzəldiblər. Jurnalistlər Zabratdakı məşqimizə baxandan sonra yazmışdı ki, milli komanda “bostanlıqda” məşq edir. Vallah, bizə meydança, stadion lazımdır. Bu, yaxşı, baxımlı futbol üçün əsas şərtdir. “Bakı” klubu bu işi yaxşı görür. Onların bazasında yaxşı şərait, meydançalar var. “Xəzər Lənkəran” klubunda da yaxşıdır. Meydançalarımız nə qədər düzəlsə, bir o qədər yaxşıdır. Bakıda meydançalar yoxdur. Bir Tofiq Bəhramov adına Respublika stadionu var, 4-5 komanda orada məşq edir, oyunlar olur.

- “Qarabağ”da şərait necədir?
- Yaxşı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunu təmirə bağlayıblar. Oranı düzəltmək istəyirlər. Meydançaların çox olması Azərbaycan futbolunun daha da inkişafına səbəb olur. Düzdür, futbolumuz yavaş-yavaş inkişaf edir Biz Çernoqoriyadan hər bir cəhətdən qat-qat üstünük. Ancaq stadionlarımızla bağlı çatışmazlıq var. Futbolu yaxşı stadionunda oynayırlar, “bostanlıqda” yox.

- Çıxış yolunu nədə görürsünüz?
- Meydança tikməyə yerimiz var, bunu düzəltmək lazımdır. Əlbəttə ki, klublar infrastruktura daha çox diqqət yetirməlidirlər. Bunu klublar etməlidir, adi futbolçu nə edə bilər ki? Düzdür, şərait var. Ancaq Bakıda bir normal meydança Respublika stadionundadır.

- Sizcə, Zabratda hazırlaşmağınızın Çernoqoriya ilə oyunun nəticəsinə təsiri oldu?
- Yox. Məncə, ilk hissədən sonra oyunun ədalətli nəticəsi 0:0 idi. Ancaq ikinci hissədə uzaqdan vurulan qol oyunu bütöv dəyişdi. Məğlubiyyəti Zabratda məşq etməyimizlə əlaqələndirmirəm. İnşallah, bütün meydançalarımız düzəlməlidir.

- “Qarabağ” Quzanlıda oynayanda orada bazanız var idi, ancaq yol yorğunluq problem yaranırdı. Ağdamdakı stadionunda yenidənqurma işləri getdiyindən, cari mövsümdə ev oyunlarınızı Bakıda keçirirsiniz...
- Düzdür, Ağdamda oynayanda yol yorğunluğu olurdu. Xüsusilə yığmadan gələn zamanı bu, daha çox problem yaradırdı. Ancaq Ağdamda oynadığımız azarkeşlərin dəstəyi çox böyük rol oynayırdı. Onlar oyunumuza yaxşı təsir göstərirdilər. Elə azarkeşlərin qarşısında oynamaq hər rəqib komandanın işi deyil.

- Quzanlıdakı meydançanın yaxşı vəziyyətdə olmamağı sizin kimi yaradıcı futbolçulara oyununuzu göstərməyə imkan vermirdi...
- Elədir. Ancaq yenə deyirəm ki, azarkeşlərin böyük təsiri var. Bakıdakı stadionlara azarkeşlərə gəlmir də. “Neftçi” və “Qarabağ” kimi iki böyük komanda oynayır, azarkeş yoxdur. Yaxud “Bakı” ilə oyunumuza 200-300 azarkeş gəlir. Azarkeş futbolda böyük amildir. Fikir verin, Çernoqoriya yığmasına, azarkeşləri stadiona gəldiklərinə daha məsuliyyətlə oynayırlar. Qoy öz oyunumuzla onları daha çox cəlb edək. Təəssüf ki, bu, milli çempionatımızda olmur. Ancaq regionlarımızda - Tovuzda, Lənkəranda, Gəncədə yaxşı azarkeş dəstəyi var. Bakıda isə belə şey yoxdur.

- “Qarabağ” cari mövsümdə qeyri-sabit oynayır. Avroliqadan sonra yorğunluğunuz hələ çıxmayıb, yoxsa?
- Avroliqadan sonra Rəşad Sadıqovun gedişi, Əfran İsmayılovun zədələnməsi təsir göstərdi. Həmin vaxt komandada eniş getdi, sonra düzəlir. Ancaq hələ ki sabitlik yoxdur. Zədəlilər olur, heyət tam yığılmır. İnşallah, biz bu çətinliklərin öhdəsindən gələrik.

- Komandanız bu mövsüm nəyə ümid edə bilər?
- İlk məqsədimiz “altılığ”a düşməkdir. Bundan sonra rəqiblərimiz arasında xalları baxacağıq. Ən azından Avroliqada çıxış etmək istəyirik.

- Başa çatmaqda ola bu ili futbolçu kimi aktivinizə yaza bilərsiniz?
- Uğurlu da oldu, uğursuz da. Bilirsiniz, necədir, futbolda enişli-yoxuşlu çıxış çox olur. Hətta Azərbaycan çempionatında sabit futbolçu yoxdur. Yaxşı başlamışdım, hər şey yaxşı idi, sonra zədə aldım, eniş oldu, sonra yenə qalxdım. İndi normaldır.

- Sabitlik olmaq üçün nə lazımdır?
- İlk növbədə zədələnməmək. Sabit oynamaq üçün hər şey özündən asılıdır. Daim oynayırsansa, sabit olacaqsınız.

- Bu il ən yaxşı futbolçu kimi sayırsınız? Yəqin ki, ardıcıl ikinci mövsümdür Avroliqada, yaxşı oynayan, ilin qəhrəmanı olan komandanızdan seçiləcək...
- Məncə, zədə almasaydı, komanda yoldaşım Əfran İsmayılov. Təəssüf ki, o, zədə üzündən ilin ikinci yarısında oynaya bilmədi. Ancaq Əfran buna qədər çox yaxşı formada idi. Belə davam etsəydi, onu deyərdim. Bizim futbolçuları tez-tez ən yaxşı seçirlər. Fərhad Vəliyev, Maksim Medvedev buna layiq görülüb.

- İndiyə kimi nə ilin, nə də ayın futbolçusu seçilmisiniz. Sizcə, niyə belə olur?
- Mən bunu sabit oynamamaqla əlaqələndirirəm. Bizdə stabilik yoxdur. Futbolçu gərək stabil olsun ki, ilin, ayın futbolçusu seçilsin. Ayda sabitliyi, ən yaxşı olmağı tuta bilərsən. Bu, bir-iki yaxşı oyunla mümkündür. Ancaq ilin futbolçusu olmaq üçün gərək il boyu sabit qalasan. Bu da normal bir şeydir.

- Sizcə, elə olub ki, ayın futbolçusu olmağa haqq etmisiniz, ancaq seçilməmisiniz?
- Təlim-məşq toplanışı vaxtında internetdə ayın futbolçusu seçildiyimə görə görmüşdüm. İnternet oxucuları arasında keçirilən sorğunun nəticəsində qalib olmuşdum. Əsas odur ki, ən yaxşı seçilmişdim. Vallah, mən heç vaxt özümü yuxarıdan aparmıram. Məni ən yaxşı seçərlərsə, hörmətlə yanaşıram. Seçməzlərsə, bu, normal haldır.

Mehman SÜLEYMANOV