Robertas Poşkus: İlk qolu erkən vurmağımız işimizə yaradı
21.11.2010 - 11:48
Robertas Poşkus: İlk qolu erkən vurmağımız işimizə yaradı
“Komandamız erkən qol vurdu. Bundan sonra oyuna nəzarəti tamamilə ələ keçirdik”. Bu sözləri apasport.az saytına açıqlamasında “İnter” lıubunun hücumçusu Robertas Poşkus deyib.

Unibank Premyer Liqasının XIV turunda “Turan”la qarşılaşmada qələbə qazanan “bankirlər” çempionluq yolunda mübarizəsini davam etdirir. Cari mövsümün ilk turunda Tovuzda “Turan”ı 3:0 hesabı ilə məğlub edən çempion paytaxtdakı oyunda da həmin nəticəni təkrarlayıb: “Fasilədən sonra ikinci qolu vurduq. Bununla, demək olar, oyunun taleyini həll etmiş olduq. Rəqibin heç bir təhlükəli epizodu olmadı. Nəticədə 3 xal qazanıb, liderlik uğrunda mübarizəni davam etdiririk”.

Bir vaxtlar əsas heyətdə meydana çıxan Robertas son oyunlarda ehtiyatda qalır. Əvəzində ötən mövsüm onun əvəzləyicisi kimi çıxış edən Karlsons artıq ilk “11-lik”də yer alır. Ötən mövsüm “İnter”in ən sərrast futbolçusu olan Poşkus bunun səbəbini belə izah edib: “Mən yığmanın düşərgəsindən dönmüşəm və komanda ilə birgə yaxşı məşq etməmişdim. Təbii ki, hücumçunun işi qol vurmaqdır. Bunun qaydasına düşəcəyinə inanıram”.