Yığmamızın kapitanı təcrübəsizlikdən danışır
21.11.2010 - 15:04
Yığmamızın kapitanı təcrübəsizlikdən danışır
“Əsas mərhələdə maksimum nəticə əldə edərək, elit-raunda vəsiqə qazandıq. Ancaq o nəticəni unutmaq lazımdır. Heyətimizə yeni qoşulan futbolçularda artıq oyun üslubuna tam uyğunlaşıblar”. Bu sözləri apasport.az saytına açıqlamasında Naxçıvanın “Araz” klubunun kapitanı Rizvan Fərzəliyerv deyib.

Futzal üzrə milli komandamızın da kapitanı olan Fərzəliyev “Araz”ın elit-raundakı şanslarını dəyərləndirib. O, növbəti mərhələyə çıxmaq uğrunda 3 komandanın mübarizə aparacağını düşünür: “Elit-raundda rəqiblər çox güclüdürlər. Bizim üçün çətin olacaq. Məncə ən çətin rəqiblərimiz İtaliya və Rusiya çempionlarıdır. “Dördlər finalı”na bu üç komandanın çıxmaq şansı 30 faizdir. Çalışacağıq ki, qrupu lider kimi bitirib, elit-raunda vəsiqə qazanaq. Məqsədimiz finala qədər irəliləməkdir”.

Təcrübəli kapitan heyətə yeni qoşulan braziliyalılar haqda da danışaraq, uyğunlaşma problemini arxada qoyduqlarını bildirib: “Dediyim kimi, gündən-günə komandamızda irəliləyişlər hiss olunur. Əgər “Dördlər finalı”na vəsiqə qazansaq, o vaxta qədər oyunumuz daha da yaxşılaşacaq. Çünki birlikdə çox oynadıqca, daha tez uyğunlaşırıq”.

Fərzəliyev ötən il həm milli komandanın, həm də “Araz”ın əldə etdiyi nəticələrə toxunaraq, bunu heyətin güclü olması ilə əlaqələndirib: “Ötən il həm milli, həm də klub səviyyəsində nəticə verdik. Bu da güclü heyətimizin olmasından xəbər verirdi. Baş məşqçi oyun üslubuna uyğun gələn futbolçulara şans verir. Ötən ilki heyətlə indiki arasında əsas fərq oyun təcrübəmizin az olmasıdır. Heyətə yeni qoşulan futbolçularla birlikdə çox oyun keçirməmişik”.