Ağdamdan paytaxtadək, yaxud “Bakı”nın 217 günlük həsrəti bitdi
22.11.2010 - 10:04
Ağdamdan paytaxtadək, yaxud “Bakı”nın 217 günlük həsrəti bitdi
“Bakı” Unibank Premyer Liqasının cari mövsümündə ilk böyük hesablı qələbəsini qazandı. Apasport.az saytının hesablamalarına görə, “zolaqlılar” bunun üçün 217 gün gözləməli oldu. Bu, XIV turda MOİK-lə səfərdə keçirilən görüşdə qazanılan 4:0 hesablıq qələbə idi.

Həmin oyunun Tofiq Bəhramov adına Respublika stadionunda keçirildiyini nəzərə alsaq, “Bakı” nominal qonaq idi. Son ölkə kubokunun qalibi axırıncı böyük hesablı qələbəsini ötən çempionatın “altılığ”ında, daha doğrusu, XXVIII turda “Qarabağ”la Ağdamda keçirilən görüşdə əldə etmişdi – 4:1.

Göründüyü kimi, bakılılar son iki səfər qələbəsini 4 qol vuraraq, qazanıb. Ağdamda “Qarabağ”ı uzun müddətdən sonra böyük hesabla yenən “Bakı”nın həmin vaxt baş məşqçisi olan türkiyəli Cüneyt Biçər mövsüm bitən kimi postunu almaniyalı həmkarı Vinfred Şaferə təhvil verdi. Bu, “Bakı”nın hazırkı çalışdırıcısının indiki vəzifəsində ilk böyük hesablı qələbəsi idi. İkinci dövrədə keçirdiyi hər üç oyunda qalib gələn, bununla yüz faizli nəticə göstərən yeganə komanda olan “Bakı” son iki görüşdə qapısının toxunulmazlığını da qoruya bilib. Halbuki, buna qədər komanda 12 oyunun hamısına qol buraxmışdı.

Qeyd edək ki, “zolaqlılar”ın son iki qolunu vurmaqla, böyük hesablı qələbəni təmin edən kamerunlu yarımmüdafiəçi Joel Epalle ilə bosniyalı hücumçu Saşa Kaykut ilk qollarını vurdular. Düzdür, Kaykut “Bakı”da qol hesabını elə Respublika stadionumuzda açmışdı. Bu, Avroliqanın II təsnifat mərhələsində Çernoqoriyanın “Buduçnost” klubu ilə iyulun 15-də keçirilən ilk oyun idi. Ancaq məhz Epallenin cəzasını bitmədiyi halda, meydana çıxdığına görə “Bakı”nın 2:1 hesabı qalib gəldiyi həmin oyunun nəticəsi ləğv olunmuş və 0:3 hesablı texniki məğlubiyyət verilmişdi.