“Qəbələ”nin qapıçısını İFFHS-in siyahısından 23 dəqiqə ayırır
22.11.2010 - 11:02
“Qəbələ”nin qapıçısını İFFHS-in siyahısından 23 dəqiqə ayırır
“Qəbələ” klubunun qapıçısı Pavel Doroşevin Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) siyahısına düşməsi üçün cəmi 23 dəqiqə lazımdır. Apasport.az saytının məlumatına görə, latviyalı legioner Unibank Premyer Liqasının XIV turunun “Neftçi” ilə qarşılaşmasında qapısından qol buraxmamaqla, “quru seriya”sını 637 dəqiqəyə çatdırıb.

Sonuncu dəfə VII turun “Qarabağ”la matçında qapısında qol görən Doroşev həmin oyunun 83-cü dəqiqəsindən sonra “quru seriya”ya başlayıb. Emin İmaməliyevin qol vurduğu matçdan sonra ardıcıl 7 turdur qapısını “tilsimləyən” Pavel artıq mövsümün II göstəricisinə imza atıb.

“Xəzər Lənkəran”dakı həmkarı Kamran Ağayevdən 83 dəqiqə geri qalan latviyalı növbəti turda nəinki İFFHS-in siyahısına düşməyi, hətta mövsümün rekordunu müəyyənləşdirməyi də inandırıcı görünür. Çünki “Qəbələ” növbəti turda turnir cədvəlinin aşağı sıralarında olan “Simurq”la qarşılaşacaq.

Qeyd edək ki, İFFHS-in siyahısına ən azı 660 dəqiqə qol buraxmayan qapıçılar düşür.