Vaqif Qasımov: “Qarabağ” açıq futbol oynamırdı - MÜSAHİBƏ
22.11.2010 - 17:19
Vaqif Qasımov: “Qarabağ” açıq futbol oynamırdı - MÜSAHİBƏ
Unibank Premyer Liqasının XIV turunda “Qarabağ” üzərində qazanılan 2:0 hesablı qələbədən sonra AZAL klubunun prezidenti Vaqif Qasımov apasport.az saytının suallarını cavablandırıb

- Komandanızın oyunundan razı qaldınızmı?
- Qarşılaşmaya yaxşı başlasaq da, ilk yarının ortalarında uşaqlar bir qədər zəif təsir bağışladılar. İkinci hissənin yarısından sonra oyun yenə öz məcrasını tapdı. Üstünlük komandamıza keçdi. Hər iki komanda liderlər qrupunda yer alıb və mükafatlar uğrunda mübarizə aparır. Ona görə də, həm AZAL, həm də “Qarabağ” ehtiyatlı oynayırdı. Heç biri xal itirmək istəmədiyi üçün açıq futbol oynamırdı. Düzdür, fasilədən sonra “Qarabağ” daha fəal başladı. Ancaq ikinci hissənin yarısında AZAL öz gücünü ortaya qoydu. 2 qol vurduq, bir o qədər də vura bilərdik. “Qarabağ”ın da fərqlənmək üçün imkanları oldu.

- Necə düşünürsünüz, bu qələbədə MOİK-lə oyundan sonra keçirilən iclasın təsiri varmı?
- MOİK-lə heç-heçədən sonra bütün komanda üzvlərinin iştirakı ilə iclasımız oldu. Bütün baş verənlər təhlil edildi və komandanın qarşısına “Qarabağ”la matçda qələbə qazanmaq məqsədi qoyuldu.

- Oyunun taleyini həll edən hər iki qolu yayda transfer etdiyiniz Zohair Benouahi vurdu. Bu, AZAL-ın legioner siyasətinin düzgünü qurulması anlamına gəlirmi?
- Yayda heyətə dəvət etdiyimiz legionerlərin seçimi zamanı heç bir yanlışlığa yol verməmişik. Onların nəyə qadir olduqları, eləcə də meydanda sərgilədikləri oyun göz qabağındadır. Düzdür, “Qarabağ”la matçda Yuşkanın oyunu alınmadı. Bu hər bir futbolçunun başına gələ biləcək hadisədir.

- Növbəti turda “Turan”la qarşılaşacaqsınız. AZAL üçün Tovuz səfəri hər zaman çətin alınıb. Bu dəfə necə olacaq?
- Biz harda və kiminlə qarşılaşmağımızdan asılı olmayaraq, bir məqsəd uğrunda mübarizə aparırıq - qələbə qazanmaq. Yəni lider “Neftçi” ilə oyuna da, sonuncu pillədə qərarlaşan MOİK-lə matça da. Başqa nəticə bizi qane edə bilməz.