Məşhur futbolçu avropalıları bankları məhv etməyə çağırıb
22.11.2010 - 18:06
Məşhur futbolçu avropalıları bankları məhv etməyə çağırıb
Dünya şöhrətli məşhur futbolçu Erik Kantona hökumətlərin iqtisadi siyasətindən narazı olan avropalı tələbələri və dövlət qulluqçularını dəstəklədiyini bəyan edib.

APA-ECONOMICS”in “The Guardian”a istinadən xəbərinə görə, Fransa millisinin və “Mançester Yunayted”in sabiq ulduzu etirazçıları küçə aksiyalarından əl çəkməyə, daha ağıllı etiraz formaları fikirləşməyə çağırıb.

“Təbii ki, biz hazırda iqtisadiyyatda baş verən başıpozuqluqdan xoşbəxt ola bilmərik. Amma küçələrdə yürüş etməklə siz yalnız özünüzü aldatmış olursunuz” - deyə Kantona bildirib.

Onun sözlərinə görə, müasir dövrdə inqilab etmək üçün ələ silah almağa və adamları öldürməyə ehtiyac yoxdur: “İnqilabı asan yolla həyata keçirmək mümkündür. Sistem banklar əsasında qurulub. Ona görə də 3 milyon adam küçələrdə yürüş etmək əvəzinə, ən yaxın bank şöbəsinə gedib ordakı pullarını geri çəkməklə bankları məhv edə bilərsiniz. Bu, kiçik bir risk olmadan belə əsl inqilabdır”.

Maraqlıdır ki, Kantonanın çağırışından sonra Fransada “StopBanque” adlı hərəkat meydana çıxıb. Hərəkat dekabrın 7-də ilk aksiyasını keçirəcəyini və 14 min nəfərin həmin gün bank hesablarındakı pulları geri çəkəcəyini bəyan edib.

Öz növbəsində Fransa banklar Federasiyasının prezidenti Valeri Ohanesyan Erik Kantonanın təklifini “axmaq və oğrulara, pulların yuyulması ilə məşğul olanlara hədiyyə” adlandırıb.