“Araz” “Ararat”ı fəth etdi, kiprlilərin bəxti gətirdi
22.11.2010 - 18:25
“Araz” “Ararat”ı fəth etdi, kiprlilərin bəxti gətirdi
Futzal üzrə UEFA kubokunun elit-raundunun ilk turunda Azərbaycan çempionu “Araz”la Kiprin “Ararat Nikosiya” komandası arasında matçın nəticəsi oyunun axarını düzgün əks etdirməyib. Apasport.az saytının məlumatına görə, Naxçıvan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatan görüşdə komandamız rəqibini darmadağın etməli idi.

Belə ki, cəmi 40 dəqiqə davam edən matç ərzində “Araz” rəqib qapısına 40 zərbə endirib. Kiprlilər isə cəmi 6 dəfə buna cavab veriblər. Çərçivəyə düşən zərbələrdə də fərq böyükdür – 23:2.

Qapıdan yan keçən zərbələrdə isə üstünlüyümüz 17:4 ilə ölçülür. Künc zərbələrində də komandamızın aşkar üstünlüyü hiss olunur – 14:3. Belə nəhəng üstünlüyün qarşısında isə komandamızın cəmi 2:1 hesabı ilə udması, oyunun axarını əks etdirə bilmir. Düzdür, qayda pozuntularında bərabərlik (2:2) hökm sürür. Lakin bu, daha çox futzalçılarımızın rəqib qapısına yol tapa bilməməyinə əsəbiləşməsi ilə izah olunur.