“Neftçi”nin problemi
23.11.2010 - 00:05
“Neftçi”nin problemi
“Neftçi” “Qəbələ” ilə ev oyunlarında uğursuzluq sindromunu qıra bilmir. Apasport.az saytının hesablamalarına görə, “ağ-qaralar” rəqibi ilə doğma meydandakı görüşlərdə 1187 gündür qələbə üzünə həsrət qalıb.

“Neftçi” sonuncu qələbəni 2007-ci ilin avqustun 26-da qazanıb. Həmin vaxt baş məşqçi Qurban Qurbanov idi və bu, onun flaqmanda sonuncu qələbəsi kimi tarixə düşüb. Qurbanov növbəti turda – “İnter”lə səfərdə 0:0 hesabı ilə nəticələnən görüşdən sonra “Neftçi”nin sükanı arxasından getdi. “Ağ-qaralar”ın Qəbələnin eyni adlı təmsilçisi üzərində sonuncu qələbəsindən 3 ildən artıq vaxt keçib. Bu müddətdə komandanın sükanı arxasında bir neçə mütəxəssis olsa da, onlar hələ ki sindroma son qoya bilmirlər. Almaniyalı Hans-Yurgen Gedeyə isə “Qəbələ”dəki evdəki qolsuz bərabərlik “Neftçi”dən qovulmaq bahasına başa gəldi.

“Neftçi” güclülər dəstəsində debüt mövsümündə “Gilan”, sonradan “Qəbələ” adlanan komandanı adətən uzun illərdir ev oyunlarını keçirdiyi Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edir. Yalnız bir dəfə istisna olub ki, bakılılar “Qəbələ” ilə ötən il “altılıq”da evdə İsmət Qayıbov adına Bakıxanov adına qəsəbə stadionunda görüşdü. Bu, flaqmana düşərli olmadı və öz meydanında qəbələlilərdən yeganə məğlubiyyətini həmin vaxt aldı.

Həmin vaxtdan komandanın baş məşqçi postunda olan Arif Əsədov sindroma cari mövsümdə son qoydu. Belə ki, “Neftçi” “Qəbələ” ilə ötən mövsüm keçirdiyi 4 oyunun heç birində qalib gələ bilməmişdi. Əsədovun yetirmələri ilk dövrədə Qəbələdə 2:0 hesablı qələbə ilə tilsimi qırsa da, evdə buna nail olmaq problemi qalmaqdadır.

“Neftçi”nin “Qəbələ” ilə ev oyunları

2006/07 mövsümü

30 sentyabr
“Neftçi” – “Gilan” – 4:1
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

2007/08 mövsümü

26 avqust
“Neftçi” – “Qəbələ” – 2:0
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

2008/09 mövsümü

1 mart
“Neftçi” – “Qəbələ” – 0:0
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

2009/10 mövsümü
İlkin mərhələ

10 dekabr
“Neftçi” – “Qəbələ” – 1:1
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Final mərhələsi
3 aprel
“Neftçi” – “Qəbələ” – 1:2
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu

2010/11 mövsümü

21 noyabr
“Neftçi” – “Qəbələ” – 0:0
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu