Vitali Borisov: İlk hissədə 30-dək qol vəziyyəti yaratdıq
22.11.2010 - 18:40
Vitali Borisov: İlk hissədə 30-dək qol vəziyyəti yaratdıq
“Oyun bizim üstünlüyümüz şəraitində keçdi. İlk 20 dəqiqədə 30-a yaxın qol vəziyyəti yaratdıq. Ancaq istifadə edə bilmədik”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan çempionu Naxçıvanın “Araz” klubunun futzalçısı Vitali Borisov deyib.

UEFA kubokunun elit raundunun “Ararat-Nikosiya” ilə oyunundan sonra Borisov nəticədən narazı qalıb. Yığmamızın da üzvü olan Vitalinin fikrincə, kiprlilərlə görüşdəki 2:1 hesabı heç də oyuna görə olmayıb: “Rəqib cəmi 2 dəfə qapımıza doğru gəldi və 1-dən istifadə etdi. Bu qədər qol imkanı yaradıb, yararlana bilməmək bizim səhvimizdir. Deməzdim ki, rəqibi ciddiyə almadıq. Sadəcə, oyunumuz alınmadı. Qələbə qazansaq da, 2:1 hesabı növbəti oyunlarda işimizi çətinləşdirə bilər. Gərək qol vəziyyətlərindən maksimum istifadə edərdik”.