Bizim Anderson və ya Avropanın ikincisi
23.11.2010 - 11:41
Bizim Anderson və ya Avropanın  ikincisi
Futzal üzrə UEFA kubokunun bombardirlərinin siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Araz”ın braziliyalı legioneri Anderson cədvəldə irəliləyib.

Elit-raundun ilk turunun “Ararat Nikosiya” (Kipr) ilə görüşündə fərqlənən futzalçı mövsümdə 8-ci qolunu vurub. Bununla, cənubi amerikalı yarışın bombardirləri siyahısında 2-ci pilləyə yüksəlib.

Anderson yalnız Fransanın “Kremlin Biçetr” klubunda oynayan Şinel Vita Nzakadan geri qalır. Lakin futzalçımız çətin ki ona çata bilsin. Çünki Şinel Andersondan iki dəfə çox – 16 qol vurub. Braziliyalı ilə yanaşı, daha bir futzalçı – Niyaz Mulahmedoviç (“Orliç”, Bosniya və Herseqovina) da 8 qol vurub.

Anderson əldə etdiyi qol imkanlarına görə də Avropanın ikincisidir. O, 28 dəfə fərqlənmək imkanı əldə edib. Bu göstəricidə də Şinel hamıdan öndədir – 41 dəfə.