Mişel Platini müşavirini Bakıya göndərib
23.11.2010 - 14:08
Mişel Platini müşavirini Bakıya göndərib
Bu gün Bakıda UEFA-nın mətbuatla bağlı seminarı başlayıb. Apasport.az saytının məlumatına görə, tədbiri giriş sözü ilə açan AFFA-nın baş katibi Elxan Məmmədov iştirakçıları salamlayıb və seminarın uğurla keçəcəyinə ümid etdiyini söyləyib.

Baş katib bu seminarın Bakıda təşkil olunmasına şərait yaratdığı üçün UEFA rəhbərliyinə minnətdarlığını bildirib. Ardından UEFA prezidenti Mişel Platininin müşaviri Paskal Torres çıxış edərək futbolun təbliğində mətbuatın rolu barədə danışıb, bu seminarın əhəmiyyəti ilə bağlı ümumi məlumat verib.

Çıxışlar bitəndən sonra UEFA nümayəndəsi Kristof Kukavka müzakirə olunacaq məsələləri iştirakçıların diqqətinə çatdırıb və seminar öz işinə başlayıb. Tədbirdə Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, və Tacikistan futbol federasiyalarının baş katibləri və mətbuat departamentinin əməkdaşları iştirak edir.

Mənbə: affa.az