“Milan”, “Şaxtyor” və “Marsel” 1/8 finalda
24.11.2010 - 09:59
“Milan”, “Şaxtyor” və “Marsel” 1/8 finalda
UEFA Çempionlar Liqasında V turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, 1/8 finala vəsiqə qazananların sayı 6-ya çatıb. Günün ilk oyununda Moskvada “Spartak”a böyük hesabla qalib gələn “Marsel” növbəti mərhələyə çıxmasını rəsmiləşdirib. Artıq bunu təmin edən “Çelsi” “Jilina” ilə ev oyununun ilk hissəsindən sonra hesabda geridə olsa da, əzmkar qələbə qazanmaqla, sensasiyaya imkan verməyib. “Spartak”ın 3-cü yerin sahibi kimi Avroliqaya vəsiqə qazanması, “Jilina”nın isə qrupdan qalması sona bir tur qalmış dəqiqləşdi.
Günün ən maraqlı oyunu İtaliya paytaxtına keçirilib. “Roma” fasiləyə hesabda 0:2 geridə yollansa da, ikinci hissədə 3 qol vurmaqla, vacib qələbə əldə edib. “Bavariya” ötən turdan vəsiqəyə sahib çıxdığından, bu məğlubiyyət onun mövqeyinə ciddi təsir etməyib. İndi “Roma”ya 1/8 finala çıxması üçün autsayder ÇFR-lə səfər oyununda 1 xal da yetərlidir. “Bazel” isə ən azı Avroliqaya vəsiqəni təmin edib.
Turnirin ən çox qaliblərindən olan “Real”la “Milan” səfərdə inamlı qələbə qazanıb. Madridlilər hələ ötən turdan qrup qalibi olmalarını rəsmiləşdirsələr də, Milanın eyniadlı təmsilçisi bu turda 1/8 finala vəsiqəni rəsmiləşdirib. 3-cü olan “Ayaks”la qrup sonuncusu olan “Oser”dən Avroliqaya kimin çıxması son turda müəyyənləşəcək.
Günün əsas sensasiyası isə Portuqaliyada olub. “Arsenal” evdə 6:0 hesabı ilə yendiyi “Braqa”ya səfərdə son 7 dəqiqədə buraxdığı iki qola uduzub. Bununla ardıcıl iki səfər görüşündə yenilən londonlular qrupda liderliyi əldən verib. Ancaq “Arsenal”ın son turda hesabında xal olmayan, Avroliqaya da çıxmayacaq “Partizan”ı qəbul edəcəyini nəzərə alsaq, 1/8 finalçı olması şübhə doğurmur. “Şaxtyor” isə artıq buna nail olub və qrup qalibi kimi çıxmaq üçün son turda evdə 1 xal qazanmaq lazımdır.

24 noyabr

F qrupu
“Spartak” (Rusiya) – “Marsel” (Fransa) – 0:3
Valbuena, 18, Remi, 54, Brandao, 68

“Çelsi”(İngiltərə) – “Jilina” (Slovakiya) – 2:1
Starrij, 51, Maluda, 89 – Bello, 15

E qrupu
“Roma” (İtaliya) – “Bavariya” (Almaniya) – 3:2
Borryello, 49, De Rossi, 81, Totti, 84-pen – Qomes, 33, 39

“Bazel” (İsveçrə) – ÇFR (Rumıniya)– 1:0
Almeraras, 15

G qrupu
Ayaks” (Hollandiya) – “Real” (İspaniya) – 0:4
Benzema, 36, Arbeloa, 44, Ronaldo, 70, 81-pen

“Oser” (Fransa) – “Milan” (İtaliya) – 0:2
İbrahimoviç, 64, Ronaldinyo, 90+1

H qrupu
“Braqa” (Portuqaliya) – “Arsenal” (İngiltərə) – 2:0
Mateuş, 83, 90+3

“Partizan” (Serbiya) – “Şaxtyor” (Ukrayna) – 0:3
Stepanenko, 52, Jadson, 59, Eduardo, 68