Yoahim Löv Azərbaycan yığmasının Türkiyəyə qalib gələcəyinə inanmır
24.11.2010 - 11:19
Yoahim Löv Azərbaycan yığmasının Türkiyəyə qalib gələcəyinə inanmır
Almaniya yığmasının baş məşqçisi Yoahim Löv Türkiyə ilə səfər oyununda millimizin nəticə qazanacağına inanmır. Apasport.az saytının məlumatına görə, Bundestimin çalışdırıcısı Avro-2012-nin seçmə mərhələsində Berlində 3:0 hesabı ilə məğlub etdiyi “ay-ulduzlular”ı güclü rəqib sayır.

Türkiyə həmin darmadağından 4 gün sonra növbəti zərbəni Bakıda yığmamıza 0:1 hesabı ilə uduzmaqla aldı. Ancaq Löv Türkiyədə də qələbə qazanacağımıza şübhə ilə yanaşır: “Bizə qrupdan çıxmaq asan olmayacaq. Rəqiblərimizin hamısı yaxşıdır və hamı yalnız qələbəyə köklənir. Türkiyə çox çətin rəqibdir. Onlar yaxşı, aqressiv və ağıllı futbol oynayırlar. Hücumçularını saxlamaq heç də asan deyil. Fikrimcə, Belçika və Avstriyanın da Türkiyə ilə oyunlarda böyük çətinlikləri yaranacaq. Həmçinin, Qazaxıstan və Azərbaycan yığmalarının bu komandaya qalib gələcəyinə şübhə edirəm”.

Qeyd edək ki, yığmamız seçmə mərhələdə son oyununu gələn ilin oktyabrın 11-də səfərdə Türkiyə millisi ilə keçirəcək.