Nazim Süleymanov ruslara söz verdi, amma əməl etmədi
24.11.2010 - 11:47
Nazim Süleymanov ruslara söz verdi, amma əməl etmədi
“Alaniya” və Moskva “Spartak”ının veteranları arasında Vladiqafqazda keçirilən yoldaşlıq görüşünə mən də dəvət olunmuşdum. Bilet alıb, Rusiyaya gələcəyimi demişdim. Ancaq həmin oyuna gedəsi olmadım”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının AZAL klubunun baş məşqçisi Nazim Süleymanov deyib.

45 yaşlı veteran hücumçu karyerasının ən yaxşı illərini keçirdiyi “Alaniya”nın heyətində 1995-ci ildə Rusiya çempionu olub. Vladiqafqazlıların bu uğurunun 15 illiyinə həsr olunan və dünən keçirilən yoldaşlıq görüşünə dəvət alan Süleymanov səfərə çıxmayıb: “Noyabrın 22-ə bilet almışdım. Ancaq elə oldu ki, “Qarabağ”la oyunumuz 21-də keçirildi. 28-də Tovuzda “Turan”la görüşümüz olacaq. Hesab etdim ki, komandamızın başında olub, hazırlıqda iştirak etməyim daha məqsədəuyğundur. Ona görə də indi Rusiyaya yollanmamağı daha vacib saydım və biletimi geri qaytardım”.

Qeyd edək ki, “Alaniya” ilə “Spartak”ın oyunu gözlənildiyi kimi, sülhlə bitib – 3:3. Vladiqafqazlıların qollarını Süleymanovun keçmiş komanda yoldaşları – Artur Paqayev, Mircəlal Qasımov və Anatoli Kanişev vurub. Maraqlıdır ki, “Alaniya” çempionluq qazandığı 15 il öncə də “Spartak”la evdə bərabərliyə qalıb (1:1).

Mehman SÜLEYMANOV