Fariz Nəcəfov: “Qəbələ” haqda səsləndirilən fikirlər qeyri-səmimidir
24.11.2010 - 15:35
Fariz Nəcəfov: “Qəbələ” haqda səsləndirilən fikirlər qeyri-səmimidir
“Komandamızın antifutbol oynaması ilə bağlı səsləndirilən fikirlər qeyri-səmimidir. Səfərdə “Neftçi” ilə qarşılaşırdıq. Bəyəm, hücum futbolu oynamalı idik?” Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfov deyib.

Unibank Premyer Liqasının XIV turunda “Neftçi” ilə oyunda əyalət təmsilçisinin müdafiəyə daha çox fikir verdiyi və hücuma nadir hallarda atılması ilə bağlı müəyyən fikirlə yürüdülür. Məsələyə münasibət bildirən Nəcəfov bir qədər diqqətli olmağı məsləhət görür: “Neftçi” ilə oyunda 2 qol epizodu yaradıldı ki, onlardan biri komandamızın payına düşdü. Ona görə də antifutbol oynamağımızla bağlı deyilən fikirlər əsassızdır”.

Vitse-prezident komandanın az qol vurmasını müdafiəyə üstünlük vermələri əlaqələndirmir: “Ola bilsin, az qol vururuq. Ancaq bu, müdafiə futboluna üstünlük verməyimiz anlamına gəlməməlidir”.

Hazırkı baş məşqçi Toni Adamsın vaxtilə müdafiəçi olmasının məsələyə heç bir aidiyyətinin olmadığını vurğulayan Nəcəfov əvvəlki çalışdırıcının vaxtında da müdafiə xəttinin yaxşı çıxış etdiyini bildirib: “Bu ilki komandanın qurulmasında Toni Adamsın birbaşa əməyi var. Sabiq çalışdırıcı Ramiz Məmmədovun vaxtında da müdafiə xətti yaxşı idi”.