“Qızıl top”: Rəşad Sadıqovun seçimi və şərhi
24.11.2010 - 16:25
“Qızıl top”: Rəşad Sadıqovun seçimi və şərhi
Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov dünyanın ən yaxşı futbolçusu ilə bağlı seçimini edib. Hazırda Türkiyənin “Əskişəhərspor” klubunun şərəfini qoruyan 28 yaşlı müdafiəçi apasport.az saytına açıqlamasında gələn ay müəyyənləşəcək “Qızıl top” mükafatına namizəd göstərdiyi 3 oyunçunun adlarını açıqlayıb.

Rəşad ötən mövsüm “İnter”lə (İtaliya) Çempionlar Liqasının qalibi və Hollandiya yığmasının heyətində dünya çempionatının gümüş medalçısı olan yarımmüdafiəçi Uesli Sneyderi ən yaxşı sayır: “Uesli ötən mövsüm “İnter”in heyətində çempionluq, ölkə kuboku və Çempionlar Liqasını qazanıb. Bu qələbələrdə, xüsusilə, Çempionlar Liqasında böyük əməyi var. Hollandiya yığmasını heç kimin gözləmədiyi halda mundialın finalına daşıyan futbolçu, vurduğu 5 qolla turnirin bombardirlərindən oldu. Çox təəssüf ki, çempionu ola bilmədilər. Sözün düzü, mən elə İspaniya yığmasının birinci olmasını istəyirdim. Əgər Hollandiya qızıl medal qazansaydı, sorğuda ən yaxşı futbolçu Sneyder olardı”.

Sadıqov 2-ci yerdə Xavi Ernandesi göstərib: “Neçə ildir İspaniya yığmasında və “Barselona” klubunda tər tökür. Xeyli mükafata sahib çıxıb. Bunu nəzərə alaraq, son dünya çempionu olan Xavini 2-ci qiymətləndirdim. 3-cü kimi səs verdiyim uruqvaylı hücumçu Dieqo Forlanın isə həm İspaniyanın “Atletiko” klubu ilə UEFA kubokunu və Superkubokunu qazanmasında, həm də yığmasını dünya çempionatında 4-cü yerə daşımaqda böyük əməyi oldu”.

Bu ildən etibarən yığmanın kapitanları dünyanın ən yaxşı məşqçilərinin də müəyyənləşməsində iştirak edir. Rəşad bununla bağlı sıralamasını da açıqladı: “Mən “İnter”lə bu il böyük uğurlar qazanan, hazırda Madrid “Real”ını çalışdıran portuqaliyalı Joze Maurinyonu 1-ci, İspaniya yığmasını dünya çempionu edən Visente del Boskeni 2-ci, Almaniyanın “Bavariya” klubunun hollandiyalı baş məşqçisi Lui van Qalı 3-cü yerdə göstərmişəm”.

Mehman SÜLEYMANOV