Devid Bekhemin “Bakı macəraları” yada düşdü
25.11.2010 - 11:56
Devid Bekhemin “Bakı macəraları” yada düşdü
Madrid “Real”ının futbolçuları Serxio Ramos və Xabi Alonso məşhur Devid Bekhemin “Bakı macəraları”nı yada salıblar. Apasport.az saytının məlumatına görə, ispaniyalıların Çempionlar Liqasının V turunda bilərəkdən sarı vərəqə alaraq əhəmiyyət kəsb etməyən növbəti qarşılaşmanı buraxması böyük britaniyalı həmkarlarımızın da diqqətindən yayınmayıb.

İngiltərənin məşhur “Mirror” nəşri baş məşqçi Joze Mourinyodan tapşırıq alaraq vərəqə hesabını “təmizləyib”, pley-off mərhələsinə “sarı”sız yollanan Ramosla Alonsonun bu mənada cığıraçan olmadığını xatırladıb. Sonradan Dirk Kuyt, Dani Alves, Kris, Juninyo, Rafael Markes, Lukas Nil kimi bir sıra oyunçuların əl atdığı bu “bicliy”in yaradıcısı kimi isə Bekhem olub. O, məhz Azərbaycana gəlməmək üçün bunu etmişdi. Devid 2004-cü il oktyabrın 9-da Uelslə keçirilən DÇ-2006-nın seçmə oyununda bilərəkdən sarı vərəqə almışdı. Bununla, yarımmüdafiəçi Bakıda baş tutacaq növbəti seçmə oyundan da, hesabındakı sarı vərəqədən də canını qurtarmışdı.