Kapitanın namizədləri: Əfran İsmayılov və Mahir Şükürov
25.11.2010 - 12:40
Kapitanın namizədləri: Əfran İsmayılov və Mahir Şükürov
“Bu il milli komandanın çıxışını və şəxsi karyeramı orta ilə əla arasında qiymətləndirərdim. Yığmada ilboyu yaxşı nəticələr qazanmaq çox ağırdır”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan millisinin kapitanı Rəşad Sadıqov deyib.

Başa çatmaqda olan ilə yekun vuran Türkiyənin “Əskişəhərspor” klubunun 28 yaşlı müdafiəçisi ili aktivimizə yazır. İlk 8 ay oynadığı “Qarabağ”la çempionatımızın bürünc medalını qazanan Rəşad indi Superliqada yeganə futbolçumuzdur: “Biz hələ o səviyyəyə çatmamışıq ki, yığma il ərzində keçirdiyi 7 oyunun dördünü qələbə ilə başa vursun. Ancaq fikrimcə, cari seçmə mərhələdə ardıcıl iki ağır məğlubiyyətdən sonra Türkiyə kimi güclü rəqibə qalib gəlmək millimiz üçün yaxşı nəticədir. Özümə gəlincə, belə deyə bilərəm ki, oynadığım “Qarabağ”la keçən çempionatı uğurla başa vurduq. Çünki “altılığ”a çox pis başlamışdıq, ancaq sonda bürünc medal qazanıb, Avroliqaya qatıldıq. Həmin turnirdə üç mərhələ keçdik, yalnız son təsnifatda mübarizəni dayandırdıq. Bundan sonra “Əskişəhərspor”a transfer olundum. Bütün bunlara görə, ili yaxşı dəyərləndirirəm. Tezliklə sağalıb, yaşıl meydana qayıtmaq istəyirəm”.

Zədə üzündən iki həftədir oynamayan Sadıqov bu il ən yaxşı futbolçumuz seçilməyə layiqdir. Hər halda, il boyu yaxşı oynayan Rəşadın “Qarabağ”ın uğurlarında böyük əməyi var. O, ardından Superliqa klubuna keçdi, və nəhayət, Türkiyə yığması ilə Bakıda rəsmi görüşdə (1:0) vurduğu gözəl qolla qələbəmizin əsas memarı oldu. Ancaq təvazökarlığına sadiq qalan futbolçu bunu zamanın ixtiyarına buraxdı: “İlin ən yaxşı futbolçusu seçilməyə layiq olmağımı zaman göstərəcək. Yəqin ki, az sonra bu haqda fikirlər başlayacaq, səsvermələr olacaq. Həmin vaxt sorğuda neçənci olmağım bilinəcək. Bu haqda mütəxəssislər qiymət verəcək”.

Rəşadın ən yaxşı futbolçu ilə bağlı iki namizədi var: “Öz namizədlərim Əfran İsmayılovla Mahir Şükürovdur. Əfranın avqustda aldığı uğursuz zədə olmasaydı... “Qarabağ”ın uğurlu çıxışında böyük zəhmət çəkdi. Bura həm çempionat, həm də Avroliqa daxildir. Vurduğu 5 qolla üç mərhələ adlamağımızda əsas böyük əməyi də oldu. Rusiya klubuna keçən Mahiri də “Anji”də bir il sabit oyun nümayiş etdirməyinə görə seçirəm”.

Mehman SÜLEYMANOV