“Qalatasaray”ın vidalaşacağı futbolçular müəyyənləşdi
25.11.2010 - 14:45
“Qalatasaray”ın vidalaşacağı futbolçular müəyyənləşdi
“Qalatasaray”ın qış fasiləsində yollarını ayıracağı futbolçular müəyyənləşib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Georgi Hacı köməkçisi Tuqay Kərmioğlu ilə birgə hazırladığı raportda müdafiəçilər Sərvət Çətinlə argentinalı Emiliano İnsua, yarımmüdafiəçilər Ayhan Akmanla avstraliyalı Harri Kyuelli komandada görmək istəmədiyi futbolçular kimi göstərib. Hacı əvəzedici heyətə göndərdiyi bosniyalı yarımmüdafiəçi Zvezdan Misimoviçlə də vidalaşmaq fikrindədir.

Rumıniyalı çalışdırıcının tələblərini yerinə yetirmək istəyən rəhbərlik axtarışdadır. Qış fasiləsində heyətdəki islahatlardan maddi ziyana düşməmək üçün çıxarılan futbolçulardan bəzilərinin birdəfəlik satılması planlaşdırıb.

Rəhbərlik Hacıya almaq istədiyi futbolçunu özünün müəyyənləşdirməsini tapşırıb. Transfer çalışmalarına yaxın günlərdə başlayacaq baş məşqçi 4 futbolçu almaq istəyir. Bunlardan müdafiə və hücuma 1, orta sahəyə 2 nəfər nəzərdə tutulub. “Cim Bom” braziliyalı yarımmüdafiəçisi Elano Blumerlə bağlı ciddi təklif gələcəyi halda, onu satmağı qərarlaşdırıb.