“Neftçi”dən 2 supertransfer
26.11.2010 - 00:00
“Neftçi”dən 2 supertransfer
“Neftçi” növbəti supertransferlərə hazırlaşır. Bu haqda apasport.az saytına məlumat verən klubun prezidenti Sadıq Sadıqov bildirib ki, 2 mövqenin güclənməsinə ehtiyac var.

Uzun illər Belçika yığmasında oynamış hücumçu Emil Mpenzanı yayda gətirən “ağ-qaralar” qış fasiləsində növbəti diqqətçəkən transferlərə imza atacaq: “Fikrimiz var ki, ən azı 2 transfer edək. Bunlar orta sahə və qapı üçün nəzərdə tutulub. Avrokubok, Çempionlar Liqasında uğurlu çıxış haqda fikirləşiriksə, yarımmüdafiəyə supertransfer etməliyik. Özünüz də bilirsiniz kimi, qapıçılarla bağlı vəziyyətimiz pisdir. Litvalı legioner Paulius Qribauskas ciddi zədə aldığından, əməliyyat olunacaq və 3 ay meydana çıxa bilməyəcək. Bundan sonra necə olacağını bilmək mümkün deyil. Hazırda iki qapıçı – Rauf Mehdiyevlə Elçin Sadıqov üzərində qalmışıq. Elçin hələ gəncdir, Rauf isə təkdir. Allah eləməsin, zədələnsə, necə olacaq? Ona görə qış transfer müddətində minimum 2 super transfer edəcəyik. Əslində, transferlərin sayının 3 olmasını nəzərdə tutmuşuq. Yeni qapıçı və orta sahəyə taran tipli futbolçu almağı artıq gündəmə gətirmişik. Bununla bağlı axtarışa başlamışıq”.

Mehman SÜLEYMANOV