“Əsas heyətdə çıxaramsa, nəyə qadir olduğumu göstərəcəyəm”
26.11.2010 - 10:10
“Əsas heyətdə çıxaramsa, nəyə qadir olduğumu göstərəcəyəm”
“Turan”la görüşdə oyunumdan razı qalıb-qalmadığımı deyə bilmərəm. Çıxışıma daha real qiyməti baş məşqçi verə bilər. Ancaq onu deyə bilərəm ki, gücüm çatanı etməyə çalışdım. Komandaya kömək etməyə cəhd göstərdim. Buna nail olduğumu isə deyə bilmərəm”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “İnter”in futbolçusu Rövşən Əmiraslanov klubunun rəsmi saytına müsahibəsində deyib.

Unibank Premyer Liqasının növbəti turunda Salyanda yerli “Muğan” klubunun qonağı olacaq son çempion növbəti 3 xalı qazanmağa çalışacaq. Rövşənin sözlərinə görə, “Muğan” güclü, yaxşı formalaşmış komandadır: “Birinci dövrədə onlar bizə kifayət qədər başağrısı oldular. Bu klubun böyük potensialı var. Lakin oyunda favoritin “İnter” olduğunu düşünürəm. Biz bu qarşılaşmaya yaxşı hazırlaşmışıq. Meydana qalib gəlmək üçün çıxacağıq”.

Gənc yarımmüdafiəçi rəqibin meydançasının yaxşı vəziyyətdə olmamağını ciddi problem saymır: “Bilirəm ki, “Muğan”ın meydanı idealdan uzaqdır. Ancaq hesab edirəm ki, bu, “İnter”ə az mane olacaq. Ona görə ki, təbii ot örtüyünə uyğunlaşmaq üçün neçə gündür Zabrat qəsəbə stadionunda məşq edirik. Demək olar ki, komanda kələ-kötürlü meydançanın bütün xüsusiyyətlərinə artıq tam uyğunlaşıb”.

Əmiraslanov start heyətində yer almasa belə, özünü komandaya kömək etməyə hazır sayır: “Əsas heyətdə meydana çıxıb-çıxmamağımı baş məşqçi həll edir. “İnter” elə komandadır ki, hamıya şans verilir. Yalnız ondan istifadə etməyi bacarmaq və baş məşqçinin etimadını qazanmaq lazımdır. Əgər əsas heyətdə çıxaramsa, nəyə qadir olduğumu göstərəcəyəm. Ehtiyatda qalaramsa, əvəzetməyə çıxmağa və komandaya kömək etməyə hazıram”.