Emil Mpenza hakim olsaydı...
26.11.2010 - 13:43
Emil Mpenza hakim olsaydı...
“Qəbələ” ilə oyunda hakimin səhvləri ucbatından xal itirdik”. Apasport.az saytının xəbərinə görə, bunu “Neftçi” klubunun futbolçusu Emil Mpenza deyib.

Unibank Premyer Liqasında XIV turun “Qəbələ” ilə oyununda baş verən hakim səhvlərinə toxunan belçikalı hücumçu bildirib ki, görüşün sonlarında penalti olmalıydı: “Bahodir kimi fiziki gücə malik futbolçuya toxunan olmasa, o topu tora qovuşduracaqdı. Rəqibin müdafiəçisi onun qarşısını almaq üçün kobudluğa əl atıb. Məhz buna görə düşünürəm ki, həmin an matçın hakimi penalti nöqtəsini göstərməli idi”.

Klubun saytına açıqlamasında Mpenza qarşıdakı oyun barədə də danışıb: “Növbəti oyunumuz "Qarabağ"ladır, rəqibin bütün zəif və üstün cəhətlərini bilirik. Bu oyunda yeganə məqsədimiz 3 xal qazanmaqdır. Biz Premyer Liqanın lideriyik, hədəfimiz çempionatın sonuna qədər bu liderliyi davam etdirib, çempion olmaqdır. Biz bu hədəfə köklənmişik”.